top of page

Şaxta baba kimdir?

 

Santa Klaus —  Şaxta Baba kimi tanınan Yeni il simvolunun dünyanın müxtəlif ölkələrində fərqli adları var: Sant Nikolas, Noel baba və s. 

Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırsalar da, bu adlardan ən çox populyar olanı Santa-Klausdur.

Bu obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır və onunla bağlı  qədimdən bəri yaranan əfsanə və rəvayətlər var. Hazırda dünyada qeyd olunan "Yeni il" bayramının bir çox ənənələri Miladdan qaynaqlandığı üçün Şaxta baba-Santa Klaus obrazının əsli də xristian dünyasında axtarılır. Lakin bir qədər fərqli yanaşmalar da var.

Bugünkü Türkiyə Cümhuriyyətinin Muğla vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Nikolas adlı bir keşiş 3-cü əsrin axırlarında Patara şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə həmin şəhərdə kasıb bir kişinin 3 övladı vardı. O, ailəsinin dolandırmağa çətinlik çəkirdi. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə onların evinə gəlir. Pəncərədən və bacadan evə uşaqlar üçün pul kisəsi atır. Bu ailə üçün böyük sevincə çevrilir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar.

Keşiş Nikolas öləndən sonra onun qəbri çoxlarının ümid yeri olmuşdur. Nikolas 346-cı ildə 65 yaşında vəfat etmişdir.

 

 

Yeni il İtaliyada :

İtaliyada Yeni il axşamı köhnə ev əşyalarının pəncərədən küçəyə atılması ənənəsi hələ də qalmaqdadır. Küçədən keçənlər üçün heç də təhlükəsiz olmayan bu adətə əməl edən italyanlar hesab edir ki, nə qədər çox mebel atsanız, Yeni il öz gəlişi ilə evinizə bir o qədər sərvət gətirə bilər. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır. İtaliyalı uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir.)))Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti də var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə onlar həm də köhnə illə vidalaşırlar.

Yeni il Yaponiyada:

Yaponiyada Yeni il bayramı "şoqatsu" adlanır və yanvarın 1-dən 3-ə qədər qeyd olunur. Yeni ilin ilk günü səhər erkən yaponların çoxu özlərinə və qohumlarına dualar etmək üçün "Sinto" adlanan müqəddəs yerlərə və buddist məbədlərinə baş çəkirlər. Müqəddəs yerlərə baş çəkdikdən sonra insanlar evə qayıdır, süfrələrə müxtəlif yeməklər, içkilər düzürlər, birlikdə yeyib-içərək bayramı qeyd edirlər. Yeni ildə yeyilən ənənəvi yeməklərdən biri düyü piroqudur. Bu yeməyin özəl xüsusiyyəti ondan ibarətdir ki, o uzunömürlülüyün simvolu hesab olunur. Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı qüvvənin birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.

Finlandiyada Yeni il

Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba — Youlupukkidir.

Yeni il Fransada

Bir çox Fransa əyalətlərində bu günə qədər köhnə bir ənənəyə əməl olunmaqdadır. Yeni ildə ilk olaraq su dalınca bulağa gedən ev sahibəsi ora qoğal və ya bulka qoyur. Bu bayram payını ertəsi gün o biri sahibə götürür, əvəzində özü gətirdiyini bulaq başında qoyur. Qadınlar axşam olana qədər bir-birilərini bu cür qonaq edirlər. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

Yeni il İsveçrədə

İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.

Böyük Britaniyada yeni il

Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Gələn qonaq özüylə  şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, Yeni ildə ailə ocağı daha gur yansın.

Yeni ildə İslandiyada

Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.

Yeni il Almaniyada

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.

Yeni il İspaniyada

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Üzüm yeməyə. Həm də kütləvi şəkildə. Hər kəs müəyyən vaxt ərzində 12 salxım üzüm yeməlidir. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. Bu onun üçündür ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

Rusiyada yeni il

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub. Məhz küknar ağacı isə 19-cu əsrin axırlarında dəbə mindi.

Faylı yükləmək üçün üzərinə vurun

Yeni il müxtəlif ölkələrdə necə qarşılanır?
 
bottom of page