TARİX MÜƏLLİMİ
20 YANVAR ŞƏHİDİ-HƏMYERLİMİZ İZZƏT HƏMİDOV
20 Yanvar şəhidlərindən biri də həmyerlimiz İzzət Həmidovdur. Yanvar gecəsindən sonra İzzət Həmidov dözməyərək həyat yoldaşını da götürərək avtomobillə şəhərə çıxıb iş yerinə -Yer Quruluşu Layihə instituna getmək istəyir. Onu tək buraxmaq istəməyən həyat yoldaşı da onunla gedir. Demək olar ki, çox yerdə yollar bağlı olur. 20 Yanvar hadisələri zamanı ən qaynar nöqtələrdən hesab edilən Salyan kazarması ətrafına gəlib çıxır. Bu zaman Salyan kazarması yaxınlığında zirehli texnika tərəfindən əzilmiş avtomobildəkilərə yardım etmək üçün bayıra atılan İzzət Həmidov kazarmanın üzərində mövqe tutan snayperçi tərəfindən güllə ilə vurulur. Həyat yoldaşı yerə yıxılan İzzət Həmidovu ayaqüstə qaldırmaq istəyən zaman onun al-qan içində olduğunu görür. Bundan sonra İzzət Həmidov dərhal Semaşko adına xəstəxanaya çatdırılır, əməliyyat edilir. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmur. Yanvarin 23-də Bakı şəhərində Şəhidlər Xiyabanında digər şəhidlərimizlə birgə dəfn olunur.
İzzət Həmidov rayonumuzun Kərimli kəndində 1930-cu ildə dünyaya göz açmışdı. Təhsil illərindən sonra müxtəlif sahələrdə çalışmışdır. Uzun müddət Şəkidə kolxoz sədri və rayon partiya komitəsində 2-ci katib vəzifəsində çalışmış. Daha sonralar İzzət Həmidov Bakı şəhərində 2 saylı texniki peşə məktəbinin direktoru vəzifəsində, respublika Aqrar Sənaye Komitəsi Yer Quruluşu Layihə institutundan çalışmışdır.
Qeyd edək ki, Şəkidə və Bakıda yaşadığı küçələr indi onun adını daşıyır.
Ancaq təəssüf ki, bu, Həmidovlar ailəsində baş verən son itki olmayıb. Şəhid İzzət Həmidovun oğlu ailəsi ilə birlikdə Bakı metrosunda törədilən sonuncu terror aktının qurbanı olub.