top of page

 

Yüz nəfərdən biri  oğuzlu

   Artıq bizim üçün uzaq keçmiş olan o illərdə -Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu illərdə qəlblərində min bir arzu, dilək Vətəndən kənarda təhsil almağa göndərilənlərin  həyatdan gözlədikləri çox idi. Təkcə özlərinin deyil, onlara inam və etibar edib xaricə oxumağa göndərən Azərbaycan dövlətinin də. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti inanırdı ki, onların böyük arzu ilə təhsil almağa göndərdikləri gənclər geri qayıtdıqdan sonra Azərbaycan üçün böyük işlər görə biləcəklər. Lakin nə biləydilər ki, cəmi 23 ay yaşayacaq bir respublikanın böyük ümidlər gözlədiyi bu gənclərin  bir çoxlarının (əslində elə hamısının) taleyi məşəqqətə çevriləcək....

     Bu gənclərin böyük əksəriyyətinin sonrakı taleyi  haqqında heç bir məlumat  yoxdur. Bəziləri isə  Azərbaycanda baş verən hadisələrə görə  geri qayıtmamışdır. Bəziləri isə  oxuduqları ölkədə evlənərək orada qalmışlar...

  23 ay yaşayan  müstəqil Azərbaycan dövlətinin qurucuları inanırdılar ki,  gənc dövlətin möhkəmlənməsi üçün  ixtisaslı kadrlara böyük ehtiyac  olacaq.  Ona görə də fəaliyyəti dövründə elm və təhsilə,  milli kadrlar hazırlanmasına böyük diqqət yetirirdi. Azərbaycan Parlamentinin 1919-cu ilin sentyabrın 1-də keçirilən iclasında  Bakı Dövlət Universitetinin  yaranması  və  hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun  qəbul edilməsi  belə diqqətin nəticəsi idi. Bu işə nəzarət etmək üçün M.Ə. Rəsulzadə rəhbərliyi ilə beş nəfərlik dövlət komissiyası yaradıldı. Qısa vaxtda komissiya 45 nəfərin Fransada, 23 nəfərin İtaliyada,10 nəfərin İngiltərədə, 9 nəfərin Osmanlıda, 13 nəfərin isə Rusiyada təhsil almağa  göndərilmələri üçün  qərar qəbul etdi. 
  Hökumət hesab edirdi ki, ölkə iqtisadiyyatının elm, təhsil və mədəniyyətinin gələcək inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsinin əhəmiyyəti  böyükdür. Bu iş üçün dövlət xəzinəsindən xalq maarifı nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Avropa  ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi. Xalq Maarifi Nazirliyi tərəfındən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı.

   1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, iş adamlarının, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salındılar.

Xaricə göndərilən tələbələrin maddi təminatını böyük messenant, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdü. Və onun öz şərtləri var idi:
1.Hər tələbəyə təhsil müddəti ərzində ayda 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir.
2.Tələbə ali təhsilini bitirdikdən sonra mütləq Vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.
3.Tələbə qeyri-türklə və ya qeyri - müsəlmanla evlənməyəcəkdir.
4.Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları birdəfəlik və ya hissə-hissə Xeyriyyə Cəmiyyətinə ödəyəcəkdir.

  Sonrada bu üçüncü bənd ixtisar olunur. Bəlkə elə buna görədir ki, bu gənclərin bəziləri  (Mustafa Mustafayev  Fransada, Hilal Münşüzadə  Berlində) qeyri müsəlmanla ailə qurub,geri dönməyib.

 Lakin gənc demokratik respublikanın  böyük ümidlərlə  xaricdə təhsil almağa göndərdiyi tələbələrin taleyi  aprel işğalından sonra  çox acınacaqlı oldu. Bolşeviklər tələbələrə pul göndərmədi.  Doğrudur Nəriman Nərimanovun  böyük səyləri ilə  həmin tələbələrin maddi vəsaitlə təmin olunması məsələsi bir müddət öz həllini tapdı. Bu məqamda maraqlı bir fakt var:  Bu 100 nəfərdən biri olan Paris Universitetində hüquq təhsili alan Rəşid Topçubaşov (Əlimərdan bəy Topçubaşovun oğlu) Cümhuriyyətin süqutundan sonra Azərbaycanda qurulan Sovet hökümətinin təqaüdündən imtina etmişdir.
 Nərimanov Moskvaya rəhbər vəzifəyə aparıldıqdan sonra Azərbaycanda xaricdə təhsil alan tələbələr barədə fikirlər dəyişməyə  başladı. Bir  çoxu  nəinki təhsil haqqını ödəyə bilmək, hətta yaşamaq üçün mücadilə aparmalı oldu.  Onlar yad ölkələrdə  ən ağır sahələrdə işləmək məcburiyyətində qaldılar. Bəziləri həbsxanalara atıldılar.  Çıxış yolu tapa bilməyib intihar edənlər belə oldu. Çətinliklərlə  təhsilini başa vurub yüksək ixtisaslı mütəxəssis kimi Vətənə dönən tələbələrin  bəziləri Sibirə sürgün edildi, bəziləri  bolşevik terrorunun qurbanı oldular. 

Bu 100 nəfər  Azərbaycanın müxtəlif  guşələrindən idilər. Şuşadan, Gəncədən, Qazaxdan, Ağdaşdan, Tiflisdən... 100 nəfərdən biri isə əslən Oğuzlu idi.

  O, 1896-cı ildə Şəki qəzasının Xaçmaz mahalında (indiki Oğuz rayonunun Xaçmaz kəndində) doğulmuşdur.  Abdulla Tahirzadə ilk təhsilini Ağdaşda, orta təhsilini İstanbulda xeyriyyə məktəbində almışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdir. İstanbulda həm  Ali İqtisad Məktəbində, həm də İstanbul Universitetinin riyaziyyat fakültəsində oxumuşdur. 1923-cü ildə vətənə  qayıtmışdır. Azərbaycanın orta ixtisas və ali məktəblərində müəllim işləmişdir.  Lakin Azərbaycandakı repressiyalar ondan da yan keçməmişdir. 1949-cu ilin mayında  Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək  Orta Asiyaya sürgünə göndərilir. Bu məşəqqət ailəindən də yan keçmir.  Həyat yoldaşı və qızı isə "xalq düşməninin ailə üzvü" kimi Rusiyanın şimalına - Tomsk vilayətinə  sürgün edilirlər. 5 il sürgün həyatı yaşayan A. Tahirzadə  1953-cü ildə azad edilir, 2 il Canbulda (Qazaxıstan) müəllim işləyir. 1953-cü ildə həyat yoldaşı və qızı əhv edilir və bir il sonra onlar da A. Tahirzadənin yanına Cambul şəhərinə gəlməyə icazə verilir.  Yalnız 1955-ci ildə o,  bəraət alır. Ailə Bakıya qayıdır Həmin ildən Azərbaycan  Neft Kimya  İnstitutunda dərs deməyə başlayır. 1978-ci ildə Bakı şəhərində vəfat edir. Özü ilə bərabər onun ailə üzvləri də bir çox çətinliklərlə üzləşirlər.

     Qızı Nərmin Tahirzadə 1921-ci ildə İstanbulda  anadan olub. O, anası ilə birgə 3 yaşı olanda atasından bir il sonra 1924-cü ildə Bakıya qayıdıb. 1939-cu ilə BDU-nun tarix fakültəsini bitirib.1944-cü ildən unuversitetdə müəllim işləməyə başlayıb.

    Nərmin xanım və anası “xalq düşməninin ailə üzvü” kimi Rusiyanın şimalına - Tomsk vilayətinə sürgün edilir. Burada onlar sürgün həyatını bütün ağrı acıları ilə yaşayırlar.Yalnız 1953-cü ildə atası azad edildikdən sonra Nərmin xanım və anası da əhf olunur. N.Tahirzadə 1955-ci ildə Bakıya qayıdıb və Azərbaycan EA Azərbaycan Tarixi Muzeyinə işə girmişdi. 1956-ci ildə "XVIII əsrin sonunda Rusiyada təhkimli kəndlilər hərəkatının tarixindən" namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Nərmin xanım 1961-ci ildən 1987-ci ilədək muzeydə şöbə  müdiri işləyib. N. Tahirzadəyə 1973-cü ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib. N.Tahirzadə  XIX əsr - XX əsrin başlanğıcında Azərbaycanda xalq təhsilinin tarixi mövzusunda gərgin araşdırmalar aparıb.  O, XIX yüzildən üzübəri təxminən yüz illik dönəmdə Azərbaycanda yetişmiş, ancaq adları unudulmuş ziyalıların və mədəniyyət xadimlərinin bir çoxu haqqında ilk dəfə bilgi verən 50-dən artıq çox sanballı elmi məqalə nəşr etdirib. Nərmin xanım XIX yüzildən 1920-ci ilədək Azərbaycandan gedərək Rusiya imperiyasının ali məktəblərində oxumuş yüzədək hərbçi, mühəndis, həkim, hüquqşünas və sair ali təhsilli mütəxəssisimiz haqqında olduqca zəngin material toplayaraq Azərbaycana gətirib.

Nərmin Tahirzadə uzunsürən xəstəlikdən sonra 17 yanvar 2012-ci ildə vəfat etmişdir.

  Budur, adamlar və talelər.  Bəzən çox çətinliklərlə də  olsa  ümidlər doğrulur. A. Tahirzadə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin  böyük ümidlərindən biri idi. Böyük ümidlə, Azərbaycanın sabahı üçün göndərilmişdi Türkiyəyə təhsil almağa. Bu ümidlər A.Tahirzadənin Azərbaycan təhsilinə, qızının isə Azərbaycan elminə verdikləri zəhmətlə doğruldu.

 

bottom of page