top of page

 

Kərimova Mətanət Elçin qızı

Oğuz rayonunda anadan olmuşam. Oğuz şəhər Həbib Babayev adına 1 N-li məktəbi bitirmişəm, Oğuz Rayon Uşaq  7 illik musiqi məktəbinin fortepiano şöbəsində təhsil almışam. 2009-cu ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirmişəm. Əmək fəaliyyətinə  Oğuz rayon Heydər Əliyev Muzeyində başlamışam. 2011-ci ildə MİQ–də (müəllimlərin işə qəbulu imtahanında) iştirak edərək Oğuz şəhər 3 N-li məktəb-liseydə tarix müəllimi kimi fəaliyyətə başlamışam. İşə  başladığım ilk ildən tədris prosesində yenilikləri geniş şəkildə tətbiq etmiş, tədrisdə interaktiv texnologiyalara üstünlük vermişəm. Müasir İKT vasitələrindən, veb 2 texnologiyalarından, interaktiv lövhələrdən istifadə etməklə dərslərimi müasir tələblərə uyğun qurmağa çalışıram. Tarixi şagirdlərə sevdirmək üçün rayonumuzdakı tarixi abidələrə, muzeylərə ekskursiyalar təşkil edir, həmin məkanlarda müəllimlərin, şagirdlərin, valideynlərin iştirakı ilə açıq dərslər keçirəm. İşlədiyim müddətdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Oğuz Rayon Təhsil Şöbəsinin təşkil etdiyi müsabiqələrdə yaxından iştirak etmişəm.

         Şəxsi müəllifliyimlə təcrübəmi bölüşmək və müəllimlərə metodiki köməklik məqsədilə  tarixmüəllimi saytını, eyni adlı youtube kanalını yaratmış və sayt vasitəsilə dərslərimdə tətbiq etdiyim elektron resursları, interaktiv oyunları paylaşıram. Müxtəlif mətbu orqanlarda-“Azərbaycan Müəllimi”, “Təhsil və Zaman”, “Oğuz Yurdu” ,  “Kaspi” qəzetlərində məqalələrim dərc olunmuşdur.

           2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən  “Elektron təhsil” respublika müsabiqəsinin “Təhsildə internet resurslar” nominasiyası üzrə fərqlənmə  diplomuna layiq görülmüş, 2015-ci ildə isə VI Elektron Təhsil Respublika Müsabiqəsində “Təhsildə ən yaxşı internet texnologiyalar” nominasiyası üzrə II yerin  qalibi olmuşam. 2018-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Pedaqoji mühazirələr” də qalib olmuş, I dərəcəli diploma və Təhsil Nazirliyinin qiymətli hədiyyəsinə layiq görülmüşəm.  2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Azərbaycan Müəllimi” qəzeti, Təhsil Nazirliyi və Bank of Bakunun birgə təşkilatçılığı ilə həyata keçirdiyi “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı müsabiqəsində fərqlənmə diplomuna və pul mükafatına layiq görülmüşəm.

        2017-ci ildə  Müəllimlərin  Diaqnostik  Qiymətləndirilməsində 59 bal toplayaraq  rayonda  ən  yüksək  nəticə  göstərən  iki  müəllimdən  biri  olmuşam.   

      Dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Oğuz Rayon İcra Hakimiyyətinin, YAP Oğuz Rayon Təşkilatının, Oğuz Rayon Təhsil Şöbəsinin diplomlarına və fəxri fərmanlarına layiq görülmüşəm. 2019-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin və Gənc müəllim şəbəkəsinin birgə təşkilatçılığı ilə “İlin Gənc müəllimi” müsabiqəsində iştirak edərək ilk 10-luqda yer almışam. 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuşam.

         İşlədiyim müddətdə şagirdlərimdən tarix müəllimliyi ixtisasını seçənlər və olimpiada qalibi olanlar da var.  

          2019-cu ildə 11 h sinif şagirdi Atlızadə Sənan Araz oğlu Respublika Fənn Olimpiadasında bürünc medala layiq görülmüşdür. Nazirlər Kabinetinin qərarına əsasən fənn olimpiadasının qalibi kimi ali məktəbə müsabiqədən kənar qəbul olmaq şansı əldə edərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakultəsində ali təhsil alır. 2020-ci ildə 10 h sinif şagirdi Ənsərli Cahan Akif qızı Respublika Fənn Olimpiadalarının nəticəsinə görə qızıl medala, 11 T sinif şagirdi Mövsümzadə Aysel Mübariz qızı bürünc medala layiq görülmüşdür.

bottom of page