top of page

 

Rəssam olmaq istəyirəm!

Çəkim bir insan rəsmi

əli silahsız.

Rəssam olmaq istəyirəm!

Çəkim bir ana şəkli

gözləri yaşsız.

Rənglərin ən gözəli

hansı olsa nə fərqi.

Lap elə yaşıl olsun

Çəkim yaşıl çəməni.

Uşaqları oynayan, gülən bir dünya çəkim.

Mas mavi göy üzünü, işıqlı səma çəkim.

Bir də pozan götürüm.

Silim nifrəti, kini

insanların qəlbindən.

Silim övlad dərdini anaların qəlbindən.

Çəhrayı, göy, qırmızı rəngi olsun dünyanın.

Bir az ağ, bir az sarı...hər rəng də bir dünyadır.

Fırçanı mən götürüb batırım o rənglərə.

Bircə qanı-qadanı,

ölüm-itim çəkməyim.

Kin dolu, nifrət dolu,

qəmli gözlər çəkməyim!

Bir azacıq təbəssüm çəkim mən simalara.

Tər təmiz bir dünyanı çəkim mən insanlara!

 

 

Dünyanın rəsmi

 

Müəllim gününüz mübarək!

Müəllimlik peşəsini ürəkdən sevən müəllimlərə həsr edirəm.

 

Peşələrin içində  müqəddəsdir, şərəflidir

                                  müəllimlik peşəsi.

Öz nurundan qaranlığa işıq salır.

Bir şam kimi o əriyir. Yox olmayır.

İşığından neçəsinə həyat verir.

Peşələrin ən zərifi, ən gözəli

                               müəllimlik peşəsi.

Zərifdir o zəif deyil. Qırılmaz o.

Güclüdür o polad kimi. Əyilməz o.

Nə olsun ki, bəzən susur.

Bəlkə onun cahillərə cavabıdır?

Çətinliyə düşsə belə, qürurludur.

İtirməyir vüqarını.

Etibarlı bir sirdaşdır.

Həm atadır, həm anadır.

Dayaq olur bəzən quru bircə sözlə.

Bir zinətdir, xəzinədir,

Peşələrin peşəsidir

                         müəllimlik peşəsi.

 

 

HƏYATDA

Bu dünyanın işləri necə də qəribədir?!

Pis günün ömrü uzun,  xoş gün gəldi gedərdir.

Yaxşı insan çox azdır, pis isə nə qədərdir?!

Sən gəl bunlara boş ver,  ömür gəldi gedərdir.

Ey insan, deyirsən ki, keçmir arzum həyata.

Keçsəydi de:- nə vardı,  yaşamağa həyatda!

MƏN İNSANAM!

-“Mən insanam”

-Doğrudanmı sən insansan?

Hanı sənin insanlığın, etibarın, bir də vəfan?

Söylə görüm,  səhv edəni, günahkarı bağışlarsan?!

Dayan, dinlə! Bax, görürsən?  Dinləmirsən yenə məni.

Bir fikrini cəmlə görək.

Bir qəlbini eşit görək.

O vururmu?

Bir sor ondan: vətənini, anasını sevirmi o?

Bir sor ondan: insanlığı duyurmu o?

Bir sor ondan: bu həyatda bir etibar görürmü o?

Görməyirsə, sevməyirsə, duymayırsa söylə, necə insansan sən?!

Sənin quru,  o boş qəlbin susuz, sarı səhra ikən,

Heç olmazsa söyləmə ki, “insanam mən”

Bu  eyibdir insanlıqdan.

İnsan gərək bağışlasın.

İnsan gərək sevə bilsin.

Duya bilsin.

Hər bir şeyi olduğu tək görə bilsin.

Gərçi əgər səhv eləsə,

Düzəltməli səhvlərini,

Günahkarı əhv etməli.

İnsanlığa uymalıdır əməlləri.

Bax o zaman söyləyərsən:

-Mən insanam, mən insanam!

 

 

 

Tapacağam

Bir gün həyat yollarında itsən bil ki,

Gəlib səni tapacağam!

Sən dağ olsan mən qar olub

Zirvələrdən boylanacam!

Sən bir dəniz olsan əgər ,

Mən də dalğa olacağam!

Ləpələnib sularına qarışacam.

Sən bir qaya olsan əgər,

Mən də quma çevrilərək

Üzərinə enəcəyəm!

Külək olub qovalasan məni

Bil ki, yenə səni izləyəcəm!

Gəlib səni  tapacağam!

Mən vicdanın olacağam!

Düz qəlbinə qonacağam!

Sənin özün olacağam!

Görüm o vaxt hara, necə qaçacaqsan?!

Qaçacaqsan tapacağam!

 

 

Arzular.....

Yenə də küləklər əsib coşdular.

Ömür yarpaqların tökməyə gərək!

Payızda küləklər adi bir haldır.

Ömürdə küləklər əsməyə gərək!

 

Yenə də qış gəldi, ağa büründü.

Saçlarda ağ qarlar olmaya gərək!

Qışda qar yağmaq da adi bir haldır.

Ömrümüzə qarlar yağmaya gərək!

 

Hər bir qışdan sonra bahar gələcək.

Ömrümüz  bahara  çevrilə gərək!

Baharda çiçəklər adi bir haldır.

Onları sevməyə bir ömür gərək!

 

Həyatda dilək var, arzu da vardır.

Bunların həyatda olması gərək!

Arzular həyatda adi bir haldır.

Onların həyata keçməsi gərək!

 

Həyatda qəm kədər olmamalıdır.

Onların sevincə dönməsi gərək!

Bunların həqiqət olması üçün.

Həyatın nağıla dönməsi gərək!

bottom of page