top of page

Müəllim olmaq.... Şərəfdir. Uca, böyük bir arzudur müəllim olmaq. Hər hansı bir peşəni sadəcə sevməyə bənzəmir. Müəllim olmaq özündə bu peşəyə bağlılıq yaradır. Həm də elə belə yox. Özünü unudacaq qədər. Bütün acılarını, kədərini, həyatın çiyninə yüklədiyi yükləri, qayğıları dərs dediyin sinfin qapısından, məktəbin qapısından çöldə qoyacaq qədər. Müəllim olmaq damarda axan qana bənzəyir. Dursa duracaq həyat. Müəllim olmaq  bütün çətinliyinə, ağırlığına baxmayaraq arzulmaqdır bu peşəni. Deyirlər insan peşəsini 3 halda sevir. 1-peşə ona uğur gətirəndə, 2-bu peşədə xoşbəxt  olanda, 3-yüksək maaş aldıqda. Ancaq müəllimlikdə heç də belə deyil. Əməkhaqqının az olması, ürəyinin sınması, insanların bu peşəyə bir mənalı olmayan münasibəti azaltmır bu peşəyə sevgini...Daha çox, daha çox....Sanki bu peşəyə aclıq yaranmış kimi....istəməkdir müəllim olmaq. Dənizə bənzəyir müəllim olmaq....bəzən sakit....bəzən coşğun.....Yağışa bənzəyir müəllim olmaq...susuzluqdan cadar cadar olmuş torpağa yağan yağışa....ya elə bəlkə torpağın özünə?Uca bir dağa bənzəyir müəllim olmaq....dırmanırsan, dırmanırsan, çətindir, bəzən gücümüz tükənir. Amma yenə çəkinmirik....Arzudur, istəkdir müəllim olmaq....Uşaqların məktəb koridorundakı tappıltılarını, ayaq səslərini eşitmək istəyi, gözlərində daim ucalmaq, sevilmək arzusudur müəllim olmaq. Yorulmaqdır, hər şeydən uzaqlaşacaq qədər yorulmaq. Məktəbdə tətili, tətildə məktəbi arzulamaqdır. Bütün bunlar üçün darıxmaqdır müəllim olmaq....Tez qocalmaqdır, yaşlanmaqdır. Amma bir şey həqiqətdir ki,  eynəyini nurunu itirmiş gözlərinə taxanda, əlini ağarmış saçalarına çəkəndə, döyüntüsü zəifləmiş ürəyində yaşayan vicdanına nəzər salanda şagirdlərinin hardasa uzaq yaddaşlarında yaşatdıqları sevgiyə, hörmətə sahib olmaqdır-müəllim olmaq.

 

Müəllim olmaq üçün doğulmuşam. Sadəcə sevmişəm bu peşəni. Müəllim olmaq fırtınalı dənizdə qayığa bənzəyir. Çünki, çətin peşədir. Məsuliyyəti ağırdır. Yolunu, istiqamətini düzgün müəyyən etməlisən. Kənardan baxanda döyüş asan görünə bilər. Amma heç də belə deyil. Müəllim olduğum üçün peşiman deyiləm, əsla. 
Siz bilirsiniz əziz müəllimlər, bunu bilməyənlər üçün deyirəm. Valideyin üçün öz övladının sevinc dolu səsini eşitmək necə hissdirsə, müəllim üçün də şagirdlərin məktəb dəhlizindəki səs-küyünü, sinfə girərkən sevgi dolu gözlərini görmək eyni hissdir. Bu gün 5 oktyabr Beynəlxalq Müəllim Günüdür.Sadəcə peşəsinə şərəflə qulluq edənlərin günüdür. Əslində bu günü mənim üçün başqa günlərdən heç nə fərqləndirməzdi, əgər məktəbdə qarşılaşdıqlarım olmasaydı. Şagirdlərim bu gün müəllimləri o qədər ürəkdən, saf duyğu dolu təbrik etdilər ki.....Məktəbin girişinə, müəllimlər otağının qapısına öz əlləri ilə çəkdikləri şəkilləri yapışdırmış, sinif otağı həyətlərindən dərdikləri güllərlə bəzədilmişdi. Bütün pilləkənlərin ətrafı da eynilə . Uşaqların ən təmiz hisslərlə göstərməyə çalışdıqları bu sevgini sözlə ifadə etmək mümkün deyil.... Mən sinifdə göz yaşlarımı saxlaya bilmədim. Nədən bilirsiniz??Çünki, nə qədər xoşbəxt olduğumu və necə gözəl bir peşənin içində olduğumu uşaqlar hiss elətdirdilər. Qürurvericidir. Hansı peşənin sahibinə bu qədər sevilmək qismət olur ki, əziz müəllimlər?!
Bayramınız mübarək əziz müəllimlər

 

Müəllim gününüz mübarək!

Müəllimlik peşəsini ürəkdən sevən müəllimlərə həsr edirəm.

 

Peşələrin içində  müqəddəsdir, şərəflidir

                                  müəllimlik peşəsi.

Öz nurundan qaranlığa işıq salır.

Bir şam kimi o əriyir. Yox olmayır.

İşığından neçəsinə həyat verir.

Peşələrin ən zərifi, ən gözəli

                               müəllimlik peşəsi.

Zərifdir o zəif deyil. Qırılmaz o.

Güclüdür o polad kimi. Əyilməz o.

Nə olsun ki, bəzən susur.

Bəlkə onun cahillərə cavabıdır?

Çətinliyə düşsə belə, qürurludur.

İtirməyir vüqarını.

Etibarlı bir sirdaşdır.

Həm atadır, həm anadır.

Dayaq olur bəzən quru bircə sözlə.

Bir zinətdir, xəzinədir,

Peşələrin peşəsidir

                         müəllimlik peşəsi.

 

 

bottom of page