top of page

Şəxsi inkişafınız üçün maraqlı əhvalatlar

Motivasiya və şəxsi inkişaf üçün səsləndirilmiş əhvalat

Dünyanı düzəltmək

Bir gün bir nəfər kişi  bütün həftənin yorğunluğundan sonra, bazar günü əlinə qəzet aldı və bütün günü istirahət edib evdə oturacağını xəyal etdi.  Bunları düşünərkən oğlu qaça-qaça gəldi və parka nə vaxt gedəcəklərini soruşdu. Ata oğluna söz vermişdi. Bu həftə sonu onu parka aparacaqdı. Amma heç çölə çıxmaq istəmədiyindən bir bəhanə uydurmaq lazım idi. Birdən  qəzetin səhifələrinin birində dünya xəritəsi gözünə sataşdı. Əvvəl dünya xəritəsini kiçik parçalara ayırdı və oğluna uzatdı:

  -Əgər bu xəritəni düzəldə bilsən səni parka aparacağam, dedi və düşündü ki, qurtardım. Ən yaxşı coğrafiya alimini də gətirsən bu xəritəni axşama kimi  düzəldə bilməz.

  Aradan on dəqiqə keçəndən sonra oğlu atasının yanına qaçaraq dedi:

  -Atacan, xəritəni düzəltdim. Artıq parka gedə bilərik.

   Adam əvvəlcə inanmadı və görmək istədi. Baxıb heyrətləndi və oğlundan bunu necə düzəltdiyini soruşdu. Uşaq bu ibrətamiz açıqlamanı söylədi:

  -Mənə verdiyin xəritənin arxasında bir insan rəsmi vardı. İnsanı düzəltdiyim zaman xəritə də özü düzəlmişdi.

 

 

 

Dəniz ulduzu

 Bir adam dəniz sahilində yürüyərkən orta yaşlı bir kişinin təlaşla dənizə nə isə attığını görür.  Ona bir az yaxınlaşır. Həmin adamın  sahilə çıxmış dəniz ulduzlarını dənizə attığını görür və deyir:

 -Nə üçün bunları dənizə atırsınız?

  Topladıqlarını sürətlə dənizə atmaqda davam edən həmin adam  cavab verir:

  - Yaşamaları üçün.

  Təəccüblə deyir:

 -Yaxşı amma burada minlərcə dəniz ulduzu var. Hamısını  dənizə atmanız imkansızdır. Sizin bunları dənizə atmanız nəyi dəyişəcək ki?

   Yerdən daha bir dəniz ulduzunu götürüb suya atan adam   deyir:

-Bax onun üçün çox şey dəyişdi.

 

 

 

 

Vərdişlər

Bir müdrikin  şagirdləri ondan soruşurlar:

- İnsanlar niyə pis vərdişlərə daha asan, yaxşı vərdişlərə isə çətin alışırlar? Niyə yaxşı vərdişlərini uzun müddət mühafizə etmirlər?

 Yaşlı müdrik deyir:

- Mən sizə belə bir sual verim: Əgər yaxşı toxumu günün altında qoysaq və pis, çürümüş toxumu torpağa əksək nə olar sizcə?

Şagirdlər cavab verirlər:

-Yaxşı toxum günün altında  quruyacaq, pis toxum isə xəstə cücərti verəcək, sağlam məhsul əmələ gəlməyəcək.

  Müdrik davam edir:

-İnsanlar da belədir: Yaxşılıqları qəlblərində gizləyib cücərtilərini böyütməkdənsə üzə çıxarıb yox edirlər. Digər tərəfdən də günahlarını və pis ərdişlərini   içlərində gizlədirlər. Onlar orada böyüyüb insanı  yox edirlər. Ancaq siz, müdrik olun belə etməyin.

 

Xoşbəxtliyin sirri

Bir gənc xoşbəxtliyin sirrini öyrənmək istəyir. Bir müdrik axtarır.  Çox soruşur, maraqlanır, ona uzaq bir sarayda yaşayan müdrik adamı nişan verirlər. Çəkinmir, yola çıxır və müdriki tapır.Qoca onu qonaqpərvərliklə qarşılayır və nə istədiyini soruşur.

  -Xoşbəxtliyin sirri məni maraqlandırır, onu mənə öyrət.

  Müdrik bu sirri öyrədəcəyinə söz verir.

  Gəncin əlinə bir qaşıq verir, qaşığın içərisinə isə 2 damcı  yağ töküb deyir:

- Sarayı gəzəcəksən. Amma yağı yerə tökməyəcəksən.

 Oğlan gözü qaşıqda sarayı gəzib gəlir.

  Müdrik soruşur:

-Salondakı gözəl xalçaları gördünmü, kitabxanadakı  nadir kitabların fərqinə vardınmı,  bağçadakı gülləri gördünmü?

   Cavan  heç bir şey görmədiyini etiraf etdi. Çünki yalnız yağa baxırmış.

   Müdrik deyir:

-Elə isə get indi daha diqqətli ol. Sarayın möcüzələrini gör. Oturduğu evi tanımadan o insana inana bilməzsən.

Oğlan, qaşıq əlində gördüyü hər şeyi hafizəsinə yazır, geri qayıdıb gördüklərini dəqiqliklə anladır.

 Müdik soruşur:

-Yaxşı sənə əmanət etdiyim o iki damcı yağ hanı?

 Qaşığa baxan gənc o iki damcı yağın töküldüyünü görür.

Müdrik deyir:

-Xoşbəxtliyin sirri, dünyanın bütün möcüzələrini görməkdir, amma iki damla yağı unutmadan.

 

Yaxşı və pis

Bir yaşlı adam meşənin kənarında yerləşən evinin önündə nəvəsiylə oturub kənarda bir-birilə dalaşan iki  iti izləyirdi. Köpəklərdən biri ağ, o biri isə qara idi. 12  yaşlı uşaq  gözünü açandan o köpəklər həmişə babasının evinin önündə boğuşurdular. Uşaq evi qorumaq üçün bu köpəklərdən birinin yetərli olduğunu, nədən babasının iki köpək saxladığını və onlardan niyə birinin ağ, o birinin qara olduğu ilə çox maraqlandırırdı. O, böyük maraqla bunları babasından soruşdu. Babası dedi:

- Onlar  mənim üçün iki simvoldur övladım.

-Nəyin simvolu,-deyə uşaq soruşdu.

-Yaxşılıq və pisliyin simvolu. Bu gördüyün köpəklər kimi yaxşılıq və pislik içimizdə mübarizə edirlər. Onları seyr etdikcə mən həmişə bunu düşünürəm. Onun üçün onları yanımda saxlayıram.

 Söz bura çatanda uşaq fikirləşdi ki, “mübarizə varsa qalib gələn də olmalıdır.” Uşaqlara məxsus bitməyən daha bir sualla babasına müraciət etdi:

- Bəs səncə bu mübarizəni hansı qazanar?

 Babası gülümsəyərək ona baxdı:

- Hansımı övladım? Mən hansını daha yaxşı bəsləsəm o da qalib gələr.

bottom of page