top of page

INSAN OLMAQ

12:00

 

Şərait necə olursa olsun, inancın, dinin, irqin, cinsin nə olursa olsun unutma heç nə sənin əsl insan olmağına mane ola bilməz. Bilirəm ki, tarixdə baş vermiş  müharibələr haqqında çox oxumusunuz. Müxtəlif şəxsiyyətlər haqqında mənfi və ya müsbət olmasından asılı olmayaraq məlumatlar əldə etmisiniz. Bəs Oskar Şindler(Schindler) haqqında necə eşitmisinizmi?

O kimdir?

Həyatı dəfələrlə kitabların, filmlərin mövzusuna çevrilən bu şəxs alman iş adamıdır. Oskar Şindler 1908-ci ildə Avstriyada anadan olmuşdur. XX əsrin 30-cu illərində özünə kiçik biznes qurmuş, lakin dünya iqtisadi böhranının bütün sahələrə təsiri səbəbindən iflas etmişdir. Həmçinin bəhs edilən dönəmdə Alman ordu kəşfiyyatı üçün çalışmağa başlamış və nasist partiyasının da üzvü olmuşdur.

Dəhşətli müharibə

Almaniyanın 1939-cu ildə Polşaya hücum etməsi ilə başlayan II dünya müharibəsi bütün ölkələrin taleyində silinməz izlər, yaralar qoyur. Məhz bu zaman Şindler Krakovda yerləşən vaxtilə yəhudi iş adamı Nathan Vurzelə məxsus fabrikin sahibi olur. Fabrikin adını Alman emalat fabriki (Deutsche Emmaillevvaren Fabrik) qoyaraq burada 1000-ə yaxın yəhudini çalışdırır. Fabrik müxtəlif ləvazimatlar, əşyalar, qab-qacaq istehsal edir. Buraya işçiləri toplamaq üçün ona yəhudi mühasib İshak Stern kömək edir. Şindlerin sahibi olduğu fabrikə işçiləri toplayıb pul qazanmaq və varlanmaq istəyi kənardan qeyri-adi görünmür. Bəs əslində  Alman ordusunun nəzarətində olan bu şəhərdə və insanların amansızcasına qətlə yetirildiyi, təqib edildiyi bir şəraitdə nasist partiyasının üzvü, alman yüksək dairələrində yetərincə tanınan bu iş adamı  nə edirdi? Şindler öz maddi vəsaiti hesabına buraya toplaşan insanları şəhərdəki alman əskərlərindən, nasistlərdən qoruyurdu. Müharibənin insanlığı unutdurduğu bir zamanda o əsl insan ola bilmənin mümkün olduğunu göstərmişdi. Şindler insanların şəhərin küçələrində , Krakov-Plaszov ölüm düşərgəsində amansızcasına öldürüldüyünü görmüş və  bundan dəhşətə gəlmişdir. İnsanları qorumaq üçün şəxsi nüfuzundan istifadə etmişdir. Bu zaman Plaszovun komandanı qəddar Amon Höth ilə razılaşaraq 700 Yəhudini pul ödəyərək yaxınlıqdakı  fabrikə daşımış, beləliklə onları Alman gözətçilərinin təhlükəsindən uzaqlaşdırmışdır. Qızıl ordu Ausvişə yaxınlaşarkən SS əsirləri qərbə doğru göndərməyə başlayır. Məhz bu zaman Şindler məşhur “Şindler siyahısı” adı ilə tanınan siyahını tərtib edərək  SS-lərlə danışır və  1200 yəhudini ölüm düşərgələrindən xilas edir. Xilas olunanları Çexoslavakiyaya göndərən Şindler burada yeni fabrik satın alır və bu fabrik hərbi ləvazimat istehsal edir. Maraqlıdır ki, fabrikin fəaliyyətdə olduğu 7 ay ərzində Şindlerin tapşırığı ilə bir dənə də yararlı hərbi sursat hazırlanmamışdır.

Savaşdan sonra

          1945-ci il 8 may tarixində Almaniyanın təslim olma xəbərini eşidən Şindler Berlinə yola düşməli olur və fabrikə işçilərini toplayaraq burada öz məşhur çıxışını edir. Burada olan ss əsgərlərinə “ailənizin yanına bir qatil olaraq geri dönmək istəmirsinizsə o zaman buranı indi tərk edin” deyə müraciət etmişdir. Düşərgəni tərk edərkən burada olan 1200 nəfər yəhudi lazım gələrsə bir dəlil kimi istifadə etməsi üçün məktub yazmış və hər biri məktubu imzalamış, Şindlerin günahkar olmadığını məktubda qeyd etmişlər. Sonralar onun xilas etdiyi yəhudilər bütün dünyada “Şindler yəhudiləri” adı ilə tanınmışdır. Şindlerin etdiyi yaxşılıqlar, göstərdiyi əsl insanlıq unudulmamış  1967-ci ildə Holokost qurbanlarının şərəfinə ucaldılmış İsrail memorialı tərəfindən mükafat təltif olunmuş və ona "Dünya xalqlarının mömini" adı verilmışdir. Oskar Şindler 1974-cü ildə vəfat edib və vəsiyyətinə əsasən Qüds şəhərində Sion dağında dəfn edilib. Göründüyü kimi insan olmaq çətin deyil. Sadəcə qəlbimizdə, beynimizdə bunu hiss etməli və əməllərdə tətbiq etməliyik. Nə tutduğumuz vəzifə, nə də mövqeyimiz şəraitdən asılı olmayaraq çətinliklərlə mübarizə aparmağa, əsl insanlıq göstərməyə mane olmamalıdır.

Please reload

bottom of page