top of page

Tariximizi öyrənirik

Bildiyiniz kimi Oğuz rayonunda Alban kilsələri mövcuddur. Bu kilsələr digər başqa abidələr kimi erkən orta əsrlər dövründən tariximizin IV-VII əsrlər mərhələsindən xəbər verən ən mühüm abidələrdən hesab olunur. Bu abidələri tanımaq, tanıtdırmaq borcumuzdur. Ulu babalarımız albanların yaşayış tərzi, dini dünya görüşləri haqqında məlumat toplamaq üçün Oğuz rayonu ərazisində yetərincə maddi-mədəniyyət nümunələri vardır.18 Aprel abidələr günü münasibətilə Oğuz Rayon Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları və Oğuz şəhər 3№-li məktəb-liseyin şagirdləri "Abidələrimizi qoruyaq, tanıyaq" adlı tur-aksiya təşkil etmiş və rayonun ərazisində Calud kəndində dağlar qoynunda yerləşən Alban kilsəsinə ekskursiya etmişlər.Ekskursiya şagirdlər üçün yaddaqalan keçmiş və maraqlı bilgilər əldə etmişlər. Muzeyin direktoru A.Xuduyeva şagirdlərə abidənin tarixi barədə ətraflı məlumat vermişdir.Ekskursiyanın sonunda məktəbimizlə əməkdaşlıq etdiyinə və rayonumuzun tarixinin tanıdılmasında şagirdlərimizə göstərdikləri köməyə görə Oğuz Rayon Tarix Diyarşünaslıq Muzeyinə məktəbimizin adından TƏŞƏKKÜRNÜMƏ təqdim edilmişdir.

Şəkillərin üzərinə vuraraq baxın

video-slaydı izləyin

Oğuz şəhər 3№-li məktəb-liseyin ənənəvi "Abidələr Günü" gəzintisi

18 Aprel Abidələr Günü münasibətilə Oğuz Rayon Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları və Oğuz şəhər 3№-li məktəb liseyin VIII T sinfi  rayon ərazisindəki XIX əsrə aid edilən sinaqoqlara və Baş Daşağıl kəndində yerləşən Uğan mağarasına səyahət etmişdir. Oğuz tolerantlıq ənənələri ilə seçilən bölgələrdəndir. Rayonumuzda multikultural dəyərlər qorunub saxlanılır.Sinaqoqlara səyahət bunu bir daha sübut etdi. Oğuz rayon Tarix Diyarşünaslıq Muzeyinin kollektivinə, xüsusilə Arizə xanıma hər zaman bizimlə əməkdaşlıq etdilklərinə görə minnətdarlığımızı bildiririk.

Oğuz Rayon Tarix Diyarşünaslıq Muzeyinin təşkil etdiyi oğuzlu rəssam və sənətkarların əl işlərindən ibarət "Payız düşüncələri" adlı sərgi.

8 T sinfi sərgiyə böyük maraqla tamaşa etdi .Təşkilatçılara təşəkkürümüzü bildiririk. 

1983-cü ildən 18 aprel tarixi “Beynəlxalq abidələr və tarixi yerlər” günü kimi qeyd olunur. YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qərarı əsasında qeyd olunan bu günün başlıca məqsədi dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına,yönəltməkdir.

Bu gün münasibətilə 17 aprel 2015-ci il tarixində Oğuz şəhər 3№-li məktəb liseyin müəllim və şagird kollektivi Oğuz şəhər Tarix Diyarşünaslıq Muzeyinin kollektivi ilə birgə rayonun Muxas kəndində yerləşən və yaşı IX əsrə gedib çıxan “Keşikci qülləsi”nə “Oğuz Abidələrini Tanıyaq” adlı yürüş təşkil etdik. Abidənin dağlıq ərazidə və hündürdə yerləşməsinə baxmayaraq yürüş hamımız üçün maraqlı keçdi.Muxas qülləsi-Oğuz rayonunun Muxas kəndində yerləşir. Bu qüllə ilə bağlı bir sıra rəvayətlər yayılmışdır. Belə rəvayət var ki, guya qüllədə xəzinə vardır. Bu rəvayətlərin yayılması səbəbindən 1951-ci ildə bir neçə nəfər qülləni dağıtmağa və “dəfinəni” tapmağa cəhd etmişdi. Təbii ki, bu cür hərəkətlər qülləyə ziyan vurmuşdur. Abidənin ətrafında hasar yoxdur. Muxas qülləsi hazırkı qalığına görə 3 mərtəbəli tikintidən ibarətdir. Hündürlüyü 24 metrdən artıqdır.

Qüllənin yerdən qapısı yoxdur. Yalnız  asma nərdivanla qülləyə girmək mümkün olmuşdur. Muxas qülləsinin 2-ci mərtəbəsində pəncərə yeri vardır. Pəncərələr içəri tərəfdən geniş, çöl tərəfdən dardır. Bu cəhətdən Muxas qülləsinin kiçik pəncərələri Bakı qalasının, Nardaran və Ramana qalalarının pəncərələrinə oxşayır. Belə pəncərələr həm qülləni işıqlandırmaq, həm də müşahidə məqsədi daşıyırdı.Qüllədən IX-XIV əsrdə istifadə edilmişdir. Onu da qeyd edək ki, keşikci qülləsi kimi istifadə edilən bu qüllələrin Azərbaycanda sayı azdır. Relyefə görə qüllənin şimal hissəsi düz digər tərəfləri oval formadadır. Muxas qülləsi şimaldan gələn hücumları xəbər vermək üçün tikilmiş şimal müdafiə istehkamıdır. Şimaldan gələn təhlükəni xəbər verərkən keşikcilər od qalayarlarmış. Qüllənin içərisində onun su ilə təchiz edilməsini təsdiq edəcək bir əlamət yoxdur. Bu isə onun uzun müddətli müdafiə olunma ehtimalını azaldır. 1965-ci ildə Muxas qülləsində 2 sahədə qazıntı işləri aparılmış şirli və şirsiz qab nümunələri aşkarlanmışdır. Bu qablar Qəbələnin XII-XIV əsrlər tapılan qab nümunələri ilə oxşardır.

Gəzinti üçün rayon tarix diyarşünaslıq muzeyinə,xüsusilə də Arizə xanıma təşəkkür edirik!

 

 

Abidələr günü

 

 

Oğuz Rayon Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya


Şagirdlərimlə vaxtaşırı muzeyə ekskursiyaya gedirik. Muzey kollektivinin köməyi ilə onlar çoxsaylı suallarına cavab tapır,  dərsdən onlara tapşırılan tapşırıqları həvəslə yerinə yetirirlər. 

Kurqanlara ekskursiya


2011-ci ildə Azərbaycanın Oğuz rayonunun Kərimli kəndi ərazisində e.ə. II minilliyə aid olan kurqanlarda qazıntı işləri  başlanmışdır. Burada aparılan araşdırmalara rəhbərliyi arxeoloq Nəsib Muxtarov etmişdir. Aparılan araşdırmalara görə Kurqanların yerləşdiyi ərazi el arasında “Hökmdar məzarlığı”, “Kurqanlar çölü” , rəsmi sənədlərdə isə “Qazıyeri” adlanır. Qazıntı aparılan kurqanlardan müxtəlif arxeoloji materiallar, xüsusilə keramika, qab qırıqları  aşkarlanmışdır. Bu kurqanlar  e.ə. II minilliyin I rübünə, yəni orta tunc dövrünə təsadüf edir. Həmçinin kurqandan qiymətli bir tapıntı, qızıl öküz başı fiquru tapılmışdır . Bu tapıntının e.ə II minillikdə mövcud olmuş böyük dövlətin hansısa sərkərdəsinə, yaxud da böyük nüfuz sahibinə aid olduğu güman edilir.•Kurqanda aparılan qazıntı zamanı aşkar edilən maddi mədəniyyət nümunələri həmin dövrdə sənətkarlıq sahələrinin, xüsusilə dulusçuluğun, silah və zinət əşyalarının istehsalının yüksək səviyyəsi haqqında məlumat verir. Dəfn prosesində yandırılan tonqallar, ocaq yerləri üst qatlardan başlamış dəfn çalasının döşəməsinə qədər izlənilir. Arxeoloqların hakimiyyət rəmzi olduğunu güman etdikləri maraqlı kompozisiyaya malik tunc əşya, nəinki Cənubi Qafqaz, həmçinin region üçün yenilikdir. Bu isə Azərbaycanda orta tunc dövründə dövlətçilik ənənələrinin öyrənilməsi üçün yeni istiqamət verir. Daha çox iribuynuzlu heyvana aid olan sümüklər iqtisadiyyatda maldarlığın üstünlük təşkil etdiyini göstərir. Beynəlxalq Abidələr Günündə-18 Aprel tarixində bu maraqlı kurqanlara Oğuz şəhər Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları ilə biz də- Oğuz şəhər 3 saylı tam orta məktəb-liseyin 6-c; sinfi  ilə ekskursiya etdik. Ekskursiyamızdan şəkilləri sizlərə təqdim edirəm. Nəzərinizə çatdırım ki, kurqanlarda araşdırmalar hələ tamamlanmayıb. 

 
bottom of page