TARİX MÜƏLLİMİ
Təhsildə "keyfiyyət ili" çərçivəsində keçirilən "Pedaqoji mühazirə" müsabiqəsinin nəticəsində mühazirəm 1-ci dərəcəli diploma layiq görülmüşdür. Mühazirə mətnini növbəti illərdə müsabiqədə iştirak edəcək müəllimlərə kömək məqsədilə bölüşürəm.
Tarix fənninin tədrisində İKT-nin rolu
Müasir dərs müəllim yaradıcılığı olmaqla onun düşüncə və fantaziyasını özündə birləşdirir. Odur ki, müasir tədris prosesində müəllimin dərsə fərdi yanaşması lazımdır. Bu isə tədris prosesini yeknəsəklikdən qurtarır, dərslərin müxtəlif forma və metodlardan istidafədə olunaraq tədrisini reallaşdırır. Hər bir şagird dibçəkdə bitən bir çiçəyə bənzəyir.Onun yetişməyi biz müəllimlərin ona qulluğundan asılıdır. Müasir təhsil şəxsiyyətyönümlü təhsildir. Məqsəd birdir: şagirdi müstəqil həyata hərtərəfli hazırlamaq. İşini bu istiqamətdə quran müəllimlər müxtəlif forma və metodlardan, informasiya texnologiyalarından istifadə edirlər.
Yalnız faktları əzbərləyən, heç bir bacarıq və vərdişə yiyələnməyən şagird gələcəkdə çətin ki, cəmiyyətdə və ətarfında baş verən prosesləri düzgün qiymətləndirə bilsin. Müasir tədris prosesində hər şey fərqlidir: şagirdlər fikirlərini sərbəst şəkildə ifadə edir, düşündüklərini söyləyirlər. Biz müəllimlər şagirdlərə esse yazmaq, hər hansı bir mövzu ilə bağlı mətn qurmaq tapşırarkən onların yalnız dərsə deyil, ətraf mühitə, cəmiyyətə yönəlmiş münasibətlərinin də şahidi oluruq. Elə buna görə də mənə elə gəlir ki, müasir təlim metodunu demokratik hesab edənlər səhv etmirlər. Bütün digər fənnlərdə olduğu kimi tarix fənnində interaktiv təlim metodlarını geniş tətbiq etmək mümkündür. İKT-dən istifadə bu üsulları daha maraqlı edir. Çünki internetdə dərsi maraqlı edə biləcəyimiz çoxlu sayda resurslar var. Bildiyimiz kimi uğurlu dərs onun kökləyici mexanizmindən- motivasiyasından asılıdır. Motivasiyanı qurarkən əsasən videoroliklərdən istifadə edirəm. Müxtəlif slaydlar, söz oyunu, krassvordlar şagirdlərin dərsə marağını artırır, dərsi və şagirdləri fəallaşdırır. Mövzuya aid tarixi bədii, sənədli və cizgi filmlərindən fraqmentlərin nümayişi şagirdlərə həmin prosesləri daha aydın anlamağa kömək edir. Məsələn 5-ci sinif dərsliyində Gəncə niyə Yelizavetpol adlandı? mövzusunun tədrisi zamanı Cavad xan filmindən kiçik bir fraqment, “Kitabi-Dədə Qorqud” – yurdumuzun tarix salnaməsi mövzusunun tədrisi zamanı mövzuyla əlaqədar multfilmi şagirdlərə təqdim edirəm. Bu da mövzularla bağlı aydın təsəvvür yaradır.
Müasir dərs yazının əvvəlində qeyd etdiyim kimi müəllimin yaradıcılığı olduğu üçün bəzən krassvordları elə qururam ki, tapılan söz ölkəmizin, şagirdlərin, məktəbin adı ilə bağlı olur. Bu da uşaqlara stimul verir. Tarix fənni venn dioqramı, səhnələşdirmə, klaster, müzakirə, debat kimi metodlardan geniş istifadəyə imkan verir.
Rollu oyunlardan istifadə şagirdlərə çətin vəziyyətdən çıxmağı bacarmaq vərdişləri aşılayır, sərbəst olmaq bacarıqlarını formalaşdırır. Bu üsulları şagirdlərim çox sevir. Məsələn: 5-ci sinifdə “Ağqoyunlu dövlətinin hökmdarı” mövzusunu tədris edərkən Sara xatun və II Mehmetin qarşılaşmasını “Gəncə niyə Yelizavetpol adlandı” mövzusunda Cavad xan və Sisianovun məktublaşmasını kiçik səhnəciklər vasitəsi ilə canlandırırlar. Əlbəttə ki, uşaqlar nə psixoloji cəhətdən, nə də ki bilik və bacarıq qabiliyyətlərinə görə eynidirlər. Nisbətən zəif şagirdlər tədris prosesinə qoşula bilmir. Ancaq dərs bu cür təşkil olunarkən hər bir şagird belə yaradıcı prosesə qoşula bilər. Dərs prosesi isə uşaqlara yorucu gəlməz.
Dərsi yalnız sinif otağında deyil, keçilən mövzu ilə əlaqədar olaraq muzeydə, yaxud hər hansı bir abidənin yerləşdiyi məkanda da keçmək maraqlı olur. Şagirdlərimlə rayonumuzda yerləşən Tarix Diyarşünaslıq Muzeyinə ekskursiya edirik. Şagirdlər araşdırmalarını, tədqiqat işlərini, layihələrini burada da apara bilirlər. Çoxsaylı suallarına cavab tapırlar.
Bir müəllim kimi mənim iş təcrübəm o qədər də böyük olmasa da, çalışıram ki, bütün bu yeniliklərdən istifadə edim. Müasir təlim metodlarından istifadə edən hər bir müəllim kimi müxtəlif saytlardan istifadə edirəm. Xüsusi ilə Tarix infodan. Hazırladığım dərsləri bu sayta göndərməklə müəllimlərin müzakirəsinə təqdim edirəm və onların da fikirlərindən nümunə götürürəm.
Daim yeniləşən dünyada hər bir müəllim İKT-dən istifadə etməyə çalışır. Çünki dövrün tələbi budur. Çalışıb bu sahədə biliklərimizi dərinləşdirməklə, əməkdaşlığımızı genişləndirməklə nailiyyətlərə imza ata bilərik. Təkcə texnologiyaların yox, müəllimin şəxsi bacarıq və keyfiyyətləri əsasında əməyinin sayəsində cəmiyyət inkişaf edir, gələcəyə addımlayır. Bir şeyi unutmamalıyıq ki, əslində möcüzələri kompüterlər yox müəllimlər yaradır.
"Təhsil və zaman" qəzeti
18 dekabr 2013-cü il