top of page

 

Bu gün məktəbimiz-Oğuz şəhər 3№-li məktəb-lisey günə bir qədər fərqli başladı. Səhər 1-ci saatdan öncə bütün məktəb toplandı. Hamı bilirdi ki, məktəbdə  “Şəhidlər ölməz, vətən bölünməz” adlı  tədbir var. Bu ad bura toplaşanlara çox şey deyirdi. Mərasim başlayar başlamaz yağan narın yağışda sanki kədər, dağların başını bürüyən buludlarda isə qürur var idi. Sanki, şəhidlərin ruhu boylanırdı o zirvələrdən...

        Tədbir dövlət bayrağımızın təntənə ilə gətirilməsi və dövlət himnimizin oxunması  ilə başladı. Vətənpərvərlik ruhunda şeirlər və mahnılar səsləndi. Şagirdlərimiz Azərbaycan uğrunda canlarından keçən vətən oğullarını xatırladılar. Oğuzun da 80-dən çox şəhidi hər birinin adı çəkilməklə xatırlandı. Onların hər birinin adı çəkildikcə şagirdlərimiz “burda” deyə səs verdilər. Axı şəhidlik ölməzliyə gedən yoldur. Bunu dinimiz də belə deyir. Azərbaycanımız uğrunda canından keçən hər bir şəhid əslində bizimlədir. Şəhidlik həmişəyaşarlıq deməkdir.

        Yaşlarının az olmasına baxmayaraq tədbirdə iştirak edən məktəblilər çox gözəl anlayırlar ki, şəhidlər müqəddəs amal uğrunda canlarından keçiblər. Oğuzlu şəhid Vüqar İbrahimovun bacısı Şükufə Ruhlu  isə həm bir valideyn kimi, həm də şəhid bacısı kimi tədbirdə çıxış edirdi. Qəhərə boğulan şəhid bacısının çıxışında kədərlə yanaşı şəhidlərin qanının yerdə qalmayacağına əminlik və torpaqlarımızın düşmən tapdağından azad olunacağına böyük bir inam hissi də var idi.

 

 

bottom of page