TARİX MÜƏLLİMİ
Azərbaycan tarixində İlk qadın redaktor.
Xədicə Əlibəyova 1884-cü ildə Tiflisdə ruhani ailəsində doğulmuşdur. Atası Ələddin Sübhanquliyev ruhani olmuşdur. X.Əlibəyova ilk təhsilini rus qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutuna qəbul olmuşdur. Burada təhsilini davam etdirib 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnmişdir. Hüquqşünas Mustafa bəy Əlibəyovla ailə qurmuşdur. Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. Xədicə xanım ilk qadın jurnalının- “İşıq” jurnalının naşiridir. 1911-ci ildə nəşr olunmağa başlayan jurnalın (cəmi 68 nömrəsi buraxılmışdır) redaktoru Xədicə Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov olmuşdur. Jurnalın əməkdaşlarının əksəriyyəti qadınlar olmuşdur. Haqsızlığa və savadsızlığa qarşı mübarizə aparan qadınlar sırasında Asiya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Gövhər Şövqiyyə, Səidə Şeyxzadə, Nabat Nərimanova və başqa maarifpərvər qadınlar “İşıq”ın ətrafında böyük bir ümidlə birləşmişdilər. X.Əlibəyova "İşıq" jurnalında "Hüquqlarımız" sərlövhəli silsilə məqalələr yazmışdır. Qadınların hüquq bərabərliyi, onları maarif və mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın klublarının, savad kurslarının açılması, uşaqların tərbiyəsi, ev işləri və sağlamlıq məsələləri ətrafında gedən mübarizə və s. onun publusistik məqalələrinin əsas mövzusu idi. 1912-ci ildə "İşıq" jurnalı fəaliyyətini dayandırdıqdan sonra Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən biri kimi fəaliyyət göstərən Xədicə Əlibəyova Şəkiyə köçərək həkim-ginekoloq işləmişdir. 1920-ci ildən 1946-cı ilədək Şəkidə həkim - ginekolok kimi fəaliyyət göstərən xanım Xədicə Əlibəyova burada, həmçinin, savad kurslarının, qadın klubunun təşkilində də yaxından iştirak etmiş, ömrünün sonuna yaxın Bakıya qayıtmışdır. 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.