top of page

Azərbaycanın qəhrəman qadınları

Qəhrəmanlar yurdu olan Azərbaycanın kişilərlə yanaşı qadın hərbiçiləri də var ki, onlar haqqında hər birimiz qürurla danışmalıyıq. Dövlət statistikasına əsasən Qarabağ müharibəsində iştirak edən qadınların sayı 2533 olub. Onlardan bir neçəsini tanıyaq.

Növrəstə Yusifova Qarabağda müharibə başlayanda  könüllü döyüşlərə atılan cəsur azərbaycanlı xanımlardan biridir. O Azərbaycanın ilk snayperçi xanımıdır. Dəfələrlə yaralanıb, lakin yenidən döyüşlərə atılıb.  1997-ci ildə  bir qrup keçmiş döyüş yoldaşları ilə bərabər “Qarabağ əlilləri və veteranları” Cəmiyyətini təsis edib.

Salatın Əsgərova müxbir kimi cəbhə bölgəsindən, ən qaynar bölgələrdən məlumat verən jurnalistlərdən olub. 1991-ci il yanvarın 9-da Laçın-Şuşa yolunun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşüb, oturduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə  “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı Salatın Əsgərova amansızcasına qətlə yetirilib. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adını daşıyır.

Gültəkin Əsgərova 1960–cı il noyabrın 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1992-ci ilin aprelindən könüllü olaraq cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. 1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Həlak olduğu yüksəkliyə, onun adı verilib.

Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışıb. 1991-ci ildə doğma yurdu Qazaxa qayıdıb, könüllü olaraq ana torpağın müdafiəsinə qalxıb. 1993-cü ildə Aşağı Əskipara kəndində mühasirəyə düşüb, güclü atışmada əsgərlərimizə kömək edib, “Kalaşnikov” markalı avtomatla çoxlu erməni quldurlarını öldürdükdən sonra düşmən əlinə keçməmək üçün axırıncı gülləni özünə vurub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Vəfa Mansurova 1966-cı il iyulun 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Kənddəki 2 nömrəli orta məktəbi bitirib. Arzusu tarixçi olmaq idi. Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb. O, 1998-ci il aprelin 30-da vəfat edib.

Solmaz Əliyeva Ağdamda döyüş yolu keçmiş qəhrəman qadınlardan biridir.

Kəşfiyyat rotasında snayperçi olan Solmaz xanım atasının xeyir-duası ilə döyüşə yollanıb.

Orucova Təranə Ağdamda gedən gərgin döyüşlərdə ön cəbhədəki tibb bölümünədə tibb bacısı kimi xidmət göstərib. N saylı hərbi hissədə  xidmət göstərən Təranə xanım yaralılara kömək etdiyi zaman özünün iki dəfə zədə alıb.

Yazıçı-jurnalit Zemfira Məhərrəmli ön cəbhəyə yollanan azərbaycanlı qadınlardan olub. O  döyüş  bölgəsinə yollanaraq baş verən dəhşətləri bütün dünyaya tanıtmaq üçün əlindən gələni edib. Döyüşçü qadınlar haqqında kitab yazıb.

 

Səmayə Bədəlova 1992-ci ildə könüllü olaraq cəhyə yollanan Səmayə xanım, Laçın, Ağdam, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında gedən döyüşlərdə iştirak edib.  Müharibədə fərqləndiyi üçün ona tağım komadiri vəzifəsi verilib.

 

  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page