top of page

Şəkillərin üzərinə vuraraq baxın

Azərbaycanın tikmə sənəti qədim olduğu kimi zəngin və rəngarəngdir. Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunur. Keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, qiymətli daşqaşdan da geniş istifadə edilmişdir. Azərbaycan tikmələri barədə məlumata IX-XI əsr ərəb müəlliflərinin və klassik şairlərin Nizaminin, Füzülinin  əsərlərində rast gəlmək olar. Orta əsr hökmdarları da bu sahəyə xüsusi diqqət ayırmışlar. 1536-cı ildə I Şah Təhmasibin kənizlərindən 20 nəfərinə Təbrizdə güləbətin tikmə öyrədilmişdi. Azərbaycanda bədii tikmənin müxtəlif növləri vardır: güləbətin, təkəlduz , saya tikmə, xanduz, sanama tikmə, xovlu tikmə,nəbati, zəncirə, quşgözü və s. Bütün bu rəngarənglik Azərbaycan xalqının zəngin mənəvi aləmindən və istedadından xəbər verir. Hazırda saylarının az olmasına baxmayaraq bu qədim sənət növünü yaşadanlar indi də var. Biz də şagirdlərimizlə çalışdıq ki, xatırlayaq və öyrənək. Bu məqsədlə Oğuz Rayon Tarix Diyarşünaslıq Muzeyinin təşkil etdiyi "Nənələrin boxçasında qorunan gözəllik" adlı sərginin açılışında iştirak etdik. Maraqlı, mənəvi cəhətdən zəngin bir aləmə səyahət etdik. Bu sərgidə Oğuz xanımlarının, nənələrin müxtəlif illərdə hazırladığı bədii tikmələr, əl işləri cəmlənmişdi. Bizlərin zövqünün formalaşmasına, mənəvi aləminin təkmilləşməsinə xidmət edən bu gözəl sərginin təşkilatçılarına, hər zaman məktəbimizlə əməkdaşlıq edən Oğuz Rayon Tarix Diyarşünaslıq Muzeyinin kollektivinə, xüsusilə də  muzeyin direktoru Arizə Xuduyevaya təşəkkürümüzü bildiririk.

bottom of page