top of page

ZƏNGİLAN

  • tarixmuellimi
  • 29 Eki 2014
  • 2 dakikada okunur

ZƏNGİLAN

ZƏNGİLAN XƏRİTƏSİ.jpg

1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli kəndlərinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Evlərə od vururlar. Beləliklə, bu kəndlər ermənilərin nəzarəti altına düşür. 2 həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də Seyidlər kəndi mühasirədə qaldı. Ermənilərin növbəti hücumu iyunun 29-da oldu. Çox ağır və qanlı döyüşlər 2 saat çəkdi. Artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tutur. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalır. Bir müddət fasilə verdikdən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Belə şəraitdə Bakıda hələ də siyasi hərc-mərclik hökm sürürdü. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə də, 1992-ci ilin sonunda Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçmişdi. Bununla da rayonun işğalının əsası qoyulur. Vəziyyət getdikcə gərginləşirdi. 1993-cü ildə isə döyüşlər ara vermirdi. Yaz fəslində ermənilərin hücumları daha da intensivləşir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. Rayon mərkəzi atəş altında idi. Belə bir şəraitdə çətinliklərə baxmayaraq mərd əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər. Rayon mərkəzinin mühasirəyə düşmək təhlükəsi daha da artdı. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuşdur. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı.

Düşmən əsasən 3 istiqamətdə hərəkət edirdi:


1. Mehri istiqamətində hərəkət edən işğalçılar yüksəklikləri ələ keçirib, Vəjnəli və Ağbənd kəndlərini işğal etdilər.

2. Qafan istiqamətində hərəkət edib Burunlu, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxdılar.

3. Qubadlının işğal edilmiş ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbiz kəndləri və Ağbiz yüksəkliklərini ələ keçirirlər.


Beləliklə oktyabrın 30-da Zəngilanın erməni istilaçıları tərəfindən işğalı tamamlanır.


 
 
 

Comments


  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page