top of page

DİLDƏ, FİKİRDƏ, İŞDƏ BİRLİK.....

Tarix müəllimi

İsmayıl bəy Qaspıralı

İsmayıl bəy Qaspıralı 1851-ci ildə Krımda, Baxçasaray yaxınlığındakı Avcıköydə anadan olmuşdur. Qaspra isə İsmayıl bəyin atasının doğulduğu yerdir. O, ilk təhsilini Simferopol mədərəsəsində-Zincirli mədrəsəsi kimi tanınan mədrəsədə alır. 1868-ci ildə Baxçasarayda rus dili müəllimliyinə başlayır. İsmayılın atası Mustafa Vorontsovun( Qafqaz canişinin) krımda tərcüməçisi idi. O, atasının arzusu ilə Moskvada hərbi təhsil alır. Lakin sonralar anlayır ki, bu seçdiyi yol onun arzularına uyğun deyil. Məhz buna görə də təhsilini yarımçıq qoyur. Onun fikirlərinin dəyişməsinin əsas səbəbi rusların türklərə, müsəlmanlara qarşı olan münasibəti idi. 1872-ci ildə təhsilini artırmaq üçün Krımdan ayrılaraq Fransaya Parisə gedir. Parisdə iki ilini keçirən İsmayıl Qaspıralı bu yolla Qərb mədəniyyətilə yaxından tanış olur. Burada o, tanınmış rus yazıçısı İvan Turgenevlə dost olur. 1875-ci ildə Krıma qayıdır. Daha sonralar dərs aldığı Zincirli mədrəsəsində özü də dərs deyir. İsmayıl bəy mədrəsədə zəng səsini tətbiq edən ilk ziyalı olmuşdur. Din xadimləri isə bunun şeytan əməli olduğunu əsas gətirərək ona ölüm hökmü istəyirdilər. Cəhalət o qədər böyük idi ki, dəfələrlə İsmayıl bəyə sui-qəsd təşkil olunmuşdur. Bütün bunlara baxmayaraq sağlığında dahi adını qazanmışdır və ona ideyalarına, etdiklərinə görə “millət atası” deyirdilər. İsmayıl bəyin ən böyük arzusu “üsuli-cədid” məktəbi yaratmaq idi. Dəfələrlə özü haqqında belə bir fikir demişdir: “Mən böyük adam deyiləm, olmaq da istəmirəm. Sadəcə xalqımın cəhalətdən qurtulduğunu görmək istəyirəm”.

İsmayıl bəyin digər arzusu xalqını maarifləndirmək üçün doğma dildə qəzet nəşr etdirmək idi. Onun qəzet nəşr etdirmək üçün ilk təşəbbüsü uğursuz olmuşdu. İsmayıl Qaspıralının gərgin əməyi nəticəsində sonunda ruscası ilə birlikdə

buraxılmaq şərti ilə “Tərcüman” qəzetinin nəşrinə icazə verilir. Beləliklə, 1883-cü il aprelin 10-da Rusiya əsarətində yaşayan türk xalqlarının tarixlərində “Əkinçi” (1875-1877), “Ziya” (Ziyayi-Qafqasiyyə) (1879-1884) və “Kəşkül”dən (1883-

1891) sonra sayca dördüncü qəzet işıq üzü gördü. Bu qəzetin çapına Hacı Zeynalabdin Tağıyev maddi köməklik edirdi. Hacı Zeynalabdin Tağıyev Qaspıralıya məktublarından birində yazırdı: “Sizin xidmətləriniz saymaqla qurtarmaz. Sayılsa bütün dünya müsəlmanlarının mədəniyyət tarixlərinin dörddə biri yazılmış olmalıdır”. 1905-ci ilədək iki dildə buraxılan Tərcüman1905-ci ildən etibarən bağlanana kimi –yəni 10 fevral 1918-ci ilə kimi yalnız türk dilində nəşr olunmuşdu. 1912-ci ildən qəzet “Dildə, fikirdə, işdə

Birlik” şüarı ilə buraxılmışdır. İsmayıl bəy Qaspıralı bütün türklər üçün ortaq türk dili istəyirdi. Hamının bu dildə danışmasını arzulayırdı. 1906-cı ildən 1910-cu ilə kimi Tərcümanın mətbəəsində İ.Qaspiralının qızı Şəfiqə xanım(onu da qeyd edim ki, Şəfiqə xanım Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı olmuşdur) tərəfindən qadınlar üçün “Aləmi-nisvan” adlı jurnal çap etmişdir. Həmçinin İsmayıl bəy satirik jurnal olan “Ha-ha-ha”nın da naşiri idi. Bu jurnalların təsis olunmasında ona həyat yoldaşı Zöhrə xanım kömək edirdi. İsmayıl bəy arzusunda olduğu “üsuli-cədid” (yeni tipli məktəb) ideyasını da gerçəkləşdirdi. Onun bu yeni məktəb, üsuli-cədid ideyası əslində mədəni inqilab hesab oluna bilər. Bu islahat o qədər məşhurluq qazandı ki, Krımdan Volqaboyuna, Urala, Qafqaza sürətlə yayıldı, Orta Asiyada, hətta Hindistanda belə özünə tərəfdarlar topladı.1914-cü ildə belə məktəblərin sayı 5000-i ötdü. İsmayıl bəyin qeydlərindən:

“Geri qalmışlığımızın tək səbəbi cəhalətimizdir. Avropada nəyin icad edildiyinə və ya nələr olduğuna dair heç bir fikrimiz yoxdur. Bu izolyasiyadan xilas olmaq üçün bunları oxuya bilməyimiz lazımdır; Avropa fikirlərini Avropa qaynaqlarından öyrənməliyik. İlk və orta məktəblərimizin tədris planlarına bu dərsləri qoymalıyıq ki, göz bəbəklərimiz, yəni şagirdlərimiz bu fikirlərə çata bilsin" Təkcə elə bu fikirlərdən onun necə ziyalı olduğu , öz xalqını düşündüyü açıq görünür.

İsmayıl bəy Qaspıralının xidmətləri bununla bitmir. O, Quranı türk dilinə tərcümə etmişdir. Həmçinin bütün türk və müsəlmanların birliyi üçün dünya müsəlmanlarının qurultayını keçirmək təşəbbüsünü irəli sürdü və bunu gerçəkləşdirə bildi. 1905-ci ildə Nijni-Novqorodda Rusiya müsəlmanlarının I qurultayına sədrlik etdi, ardınca Sankt-Peterburqda Rusiya müsəlmanlarının II və Nijni-Novqorodda III qurultayını təşkil etdi.

İsmayıl bəyin türkçülük ideyaları “Rusiya müsəlmanları” silsilə yazılarında daha aydın göstərilmişdi.

İsmayıl bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli ilə yaxın dost olmuşdur. Həmçinin İsmayıl bəyin qızı Şəfiqə xanım Nəsib bəy Yusifbəylinin həyat yoldaşı idi. Bu o Şəfiqə xanım idi ki, Şərqdə ilk qadın hərəkatının lideri olmuşdur. Dostluqları o qədər möhkəm olur ki, hətta Nəsib bəy ilə Şəfiqə xanım ayrılandan sonra da bu dostluq davam edir. Hətta İsmayıl bəy son nəfəsində vəsiyyətini Nəsib bəyə edir. Bu haqda daha geniş Şəfiqə xanım barədə yazdığım məqalədə qeyd etmişəm. Həmin yazını oxumağı unutmayın. İsmayıl bəy 1914-cü ildə Bağçasarayda vəfat edir. Onun dəfninə 5000 dən çox insan gəlir. Hətta ona düşmən olan, ilk vaxtlar onu anlamayan insanlar belə onun dəfnində iştirak edir, “ata” deyə ağlayırlar. İsmayıl bəyi Hacı Gəray xanın türbəsi yaxınlığında dəfn edirlər.Qaspıralının məzarı uzun müddət krım tatarları tərəfindən ziyarət olunur. 1944-cü ildə Krım türkləri öz yurd-yuvalarından qovulduqdan sonra əksər abidələr kimi onun məzarı da dağıdılır.1990-cı illərdə vətənlərinə dönən türklər Qapıralının məzar yerini yenidən təxmin edərək orada xatirə baş daşı ucaltdılar. Son olaraq oxuduğum bir fikri nəzərinizə çatdırmaq istəyirəm, qeyd olunanlara görə Atatürkün idealı Akçura olub, Akçuranın idealı isə Qaspıralı.






196 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör
  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page