Azərbaycan xalqı tarix boyu müstəqilliyə, azadlığa can atmış, ciddi səylər göstərmiş , zaman-zaman müstəqil dövlətlər olmuş, ancaq işğalçı imperiyaların işğalı nəticəsində müstəqillik ləğv edilmişdir. Məmləkətimiz işğalçı dövlətlərin əsarəti altına düşmüşdür.
Azərbaycan XX-əsrin 90-cı illərində yenidən öz müstəqilliyini bərpa etdi. Müstəqilliyə aparan yol 1988-ci ilin payızında başladı. Xalqın təkidi ilə çağırılmış Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında Bəyannamə" qəbul etdi. Belə bir şəraitdə xalqın tələbi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanmış sessiyası "Azərbaycan Respublikası dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Bununla Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa olundu.
Dekabrın 29-da referendum keçirildi. Azərbaycan xalqı yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxdı. 1992-ci ildə Milli Məclis Azərbaycan Respublikasının Dövlət Himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi. Azərbaycanın dövlət müstəqilliyini ilk dəfə olaraq qardaş Türkiyə Respublikası, Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya Federasiyası və başqa dövlətlər tanıdı.
1993-cü ilin əvvəllərində Azərbaycanın Dövlət müstəqilliyini 116 dövlət tanımış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuşdu. Azərbaycan 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdi. Respublikamız müstəqillik əldə etdikdən sonra bir sıra uğurları əldə etməklə yanaşı, bədnam qonşularımız tərəfindən torpaqlarımızın 20%-i işğal edildi, Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistanın işğalçı qüvvələri tərəfindən zorla alındı və 1 mln-dan çox həmvətənimiz məcburi köçkünlük aqibətini yaşadılar.
Müstəqilliyimizi qazandığımız ilk illərdə torpaqlarımızın işğalı ilə yanaşı, respublikamızda vətəndaş müharibəsi baş verdi. Müstəqilliyimizi gözü götürməyənlər ixtişaşlar törədir, respublikamızı regionlara bölürdülər. 1993-cü il iyunun 15-də Azərbaycan ziyalılarının və xalqın təkidli dəvəti ilə Ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı və o gündən Azərbaycanın təhlükədə olan müstəqilliyi yenidən bərpa olundu və günü-gündən müstəqilliyimiz möhkəmləndi. Respublikamız günü-gündən sürətlə inkişaf edərək regionun ən qüdrətli bir dövlətinə çevrildi.