top of page
  • Tarix müəllimi

Şərqdə ilk qadın hərəkatının lideri-Şəfiqə Qaspıralı

Şərqdə ilk qadın hərəkatının lideri-Şəfiqə Qaspıralı


Şəfiqə Qasprinskaya- Şəfiqə Qaspıralı İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır. 14 oktyabr 1886-cı ildə Bağçasarayda anadan olmuşdur. Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. O zaman, Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə “Tərcüman” qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. Həmin vaxt Şəfiqə xanımı Nəsib bəyin uşaqlıq dostu Nəriman Nərimanov da sevirmiş. Hətta Nərimanov Nəsib bəyin Şəfiqə xanımı sevdiyini biləndə onu duelə çağırır. Dueldə Nərimanovun atdığı güllə Nəsib bəyə dəymir. Nəsib bəy isə silahı yerə ataraq: “əlimi azərbaycanlı qanına batırmaram” deyir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. 1912-ci ilədək Nəsib bəyin təhsili ilə əlaqədar Krımda qalırlar, bu müddətdə onların iki övladı dünyaya gəlir. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu “Tərcüman” qəzeti vasitəsilə gəlir. 1906-cı ildə Rusiyada yaşayan türklərin ilk qadın jurnalı olan “Qadın dünyası” (“Aləmi-nisvan”) dərgisini nəşr etdirir. 1908-ci ildə Şəfiqə xanım Nəsib bəylə birlikdə "Tərcüman" qəzetinin 25 illiyini keçirirlər. Daha sonra onlar Gəncəyə yola düşürlər. Lakin bu vaxt Nəsib bəyin özünə görə normal qəbul etdiyi bir hərəkət onun xanımı azad fikirli Şəfiqə xanımın düşüncələrinə uyğun gəlmir və Nəsib bəyin bağışlanmaz səhvi ailənin dağılmasına səbəb olur. Belə ki, Nəsib bəyin Gəncədə Eynülhəyat adlı qadınla dini nikahda yaşaması üzə çıxır və Şəfiqə xanım bunu bağışlamır. Nəsib bəy səhvini anlayıb həmin xanımdan ayrılsa da Şəfiqə xanım Gəncədə qalmayıb, Krıma qayıdır. Ailə dağılsa da, İsmayıl bəylə Nəsib bəyin dostluq münasibətləri bitmir. Hətta İsmayıl bəy Qaspıralı son nəfəsində vəsiyyətini Nəsib bəyə etmişdir.Şəfiqə xanım 1914-cü ildə Qaspıralının dəfn mərasimində Nəsib bəylə görüşür, lakin onu yenə də bağışlamır, Yusifbəyova soyadından imtina edir, lakin heç vaxt da rəsmən boşanmırlar. Şəfiqə xanımla Nəsib bəyin münasibətləri sonrakı dönəmlərdə Nəsib bəyin uşaqların adına ünvanladığı məktublar vasitəsilə davam edir. Bu məktubların mətni, həmçinin ümumiyyətlə Şəfiqə xanımla Nəsib bəyin gənclik illərindən məktublaşmaları haqqında maraqlı məlumatlar tədqiqatçı Vilayət Quliyevin “Baş nazirin xanımı" adlı geniş məqaləsində mövcuddur. Həmçinin Şəfiqə xanım ərinin ailəsi ilə , xüsusilə bacıları ilə olan yaxın, səmimi münasibətlərini də heç vaxt kəsmir. Ata və ana arasındakı soyuq münasibətlərə rəğmən övladlar öz yay tətillərini Gəncədə keçirirlər. Nəsib bəyin qızına məktubunun bir nüsxəsini burada yerləşdirirəm:

“Qızım, Zöhrəm! –Məktubunu aldım. Mənə yaxşı məktub yaz deyirsən, amma özün heç yaxşı məktub yazmırsan. Bir də mənə məktub yollayanda kağızda sətirləri düz yaz. Yuxarıda başlıq qoymağı da yadından çıxarma. Mən də səndən və Niyazidən ötrü darıxıram. Hər səhər yuxudan duranda sizi yanıma çağırmaq istəyirəm. Burada hər gün yağış yağır. Anbarımıza su dolub. Niyaziyə söylə, qonşu qızlar gəlib əməc-köməc yığırlar, gilasımızı, əriyimizi dərirlər. Mən onu -Niyazini bağbanlıqdan çıxaracağam. Kaştanın balaları işığa çıxıb oynaşırlar. Birisini Həsən aparmışdı. Yenə də qaçıb gəlib. Toyuğumuzun cücələri böyüdülər. Sabah birini kəsib yeyəcəyik. Həmidənin bir balaca bacısı olub. Hələ ad qoymayıblar. Niyazi yaxşı oğlan olsa, anasının sözünə qulaq assa, gələndə ona verəcəm. Qulaq asmasa, verməyəcəm. Evimizə gəlin, sənə də bir royal alacam. Yavaş-yavaş Nigar xalandan öyrən. Gələndə çalarsan, atan da dinlər. Müəllimin də sənə salam söyləyir. Deyir ki, hər gün dərslərini oxusun. Qızım, həm də qardaşına bax! Artıq böyük qız oldun. Təkbaşına küçəyə çıxmağa qoyma. Sözünə qulaq asmasa, mənə yaz.

Zöhrə, sənin və Niyazinin gözlərindən öpürəm. Atanız Nəsib”.



Çar Rusiyasında baş verən dəyişikliklərdən sonra Şəfiqə xanım fəaliyyətini genişləndirir, daha böyük planlar üzərində çalışır. 1917-ci ilin aprelində o, Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçilir.

1917-ci il mayın 1-11-nə qədər Moskvada Rusiya müsəlmanlarının I konqresində Krımı təmsil edir. 1917-ci ilin aprelindən Şəfiqə xanımın rəhbərliyi ilə Krımda “Qadın komitələri” yaradılır. 1918-1919-cu illərdə isə iki dəfə Krım Millət Məclisinə üzv seçilir. Bağçasarayda İsmayıl Qaspıralı adına Darülmüəllimatın və Milli Muzeyin yaradılmasında, Gözəl Sənətlər Məktəbinin təsis edilməsində önəmli rol oynayır. Krımda milli qüvvələrin müstəqillik uğrunda apardığı mübarizəyə dəstək verir. Krım türklərinin bu fəaliyyəti çar Rusiyasının qəzəbindən yayınmır . 1918-ci il fevralın 23-də “Tərcüman” qəzeti bağlanır, mətbəə isə müsadirə edilir. 1919-cu ildə Şəfiqə xanım övladları ilə birgə Azərbaycana qayıdır.

Nəsib bəylə şəxsi münasibətləri yoluna düşməsə də, Şəfiqə xanım Azərbaycan Cumhuriyyətinə öz töhfəsini verməyə başlayır. O, Xalq Maarifi Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayan kurslar təşkil edir.

Lakin məlumdur ki, Azərbaycan Demokratik Cumhuriyyəti devrilir, Nəsib bəy müəmmalı şəkildə öldürülür. Yeni rejim üçün Şəfiqə xanım düşmən olsa da, Xalq Maarif komissarlığında məktəbəqədər tərbiyə müəssisələri üzrə təlimatçı vəzifəsi verilir, həmçinin dərsliklərin tərcüməsi və nəşrində iştirak edir. Mülkləri əlindən alınsa da Gəncə yaxınlığında övladları ilə yaşamaq üçün kiçik bir ev verilir. Maddi köməklik olunur. Ailəyə bu köməkliyi edən isə gənclik illərində onu sevən Nərimanov olur. Şəfiqə xanım bunu yalnız Nərimanovun ölümündən sonra bilir. Təqiblərə görə Şəfiqə xanım Azərbaycanda qala bilmir və övladları ilə birgə Türkiyəyə gəlir. Türkiyədə səfalət içində yaşayırlar, buna baxmayaraq uşaq evlərində işləyir, tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparır. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir. Övladlarına ali təhsil verir. İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib bəyə bağışlayır. Nəcib bəy isə “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı bir kitab dərc etdirir.


1975-ci ilin avqustunda Şəfiqə xanım Türkiyədə vəfat edir.

7 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör
bottom of page