Qarakənd faciəsi
Qarakənd faciəsi 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni dəstələri tərəfindən Azərbaycan hərbi helikopterinin vurulması ilə baş verdi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu, Tehran radiosu, 17:00-da isə Moskva radiosu bu məlumatı açıqlamışdı. Hələ noyabrın əvvəlində Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirilmişdi. Görüşün səbəbi Qarabağdakı müharibəni araşdırmaq idi və qərara gəlinmişdi ki, məsələ yerində araşdırılsın. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Osman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak oldular. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki qara qutunu Rusiyaya göndərdilər. Ancaq sözügedən qara qutudan indinin özündə də heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi, helikopterin vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir. Əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf edildi. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu.