XX əsrin 80-ci illərinin axırlarında dünyada baş verən dəyişikliklərlə əlaqədar bir çox xalqların, o cümlədən Azərbaycan xalqının özünüdərki, həmrəylik hissi gücləndi. Naxçıvan Muxtar Respublikasında 1989-cu ilin noyabrında Şimali və Cənubi Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə əsassız çəkilmiş sərhəd çəpərlərinə qarşı xalqın etirazı başlandı. Beləliklə, "Sərhəd hərəkatı" adı ilə başlanan bu siyasi aksiya 1989-cu il dekabrın 31-də azərbaycanlıların həmrəylik hərəkatına çevrildi.
Ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi qərara alındı. Naxçıvan MR Ali Məclisinin bu qərarını əsas tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası 1991-ci il dekabrın 25-də qərara gəldi ki, hər il dekabrın 31-i dünyada yaşayan azərbaycanlıların həmrəylik günü kimi qeyd edilsin.
Bu qərar dünya azərbaycanlıları arasında həmrəylik hissini daha da gücləndirdi. Hazırda YUNESKO-nun məlumatına görə, dünyada 40 milyondan çox azərbaycanlı yaşayır. Onlardan 29 milyonu Cənubi Azərbaycanın,3 milyonu Türkiyənin, 2 milyondan artığı Rusiyanın, 1,5 milyonu ABŞ-ın, 500 mini Ukraynanın, 300 mini Almaniyanın, 180 mini Fransanın, 175 mini Kanadanın, 350 mini Hindistan və Pakistanın, 700 mini İraqın, 430 mini Əfqanıstanın payına düşür.
Dünyanın 30-dan çox ölkəsində azərbaycanlıların 100-dən artıq ictimai, milli və mədəni cəmiyyət və təşkilatları fəaliyyət göstərir. Müstəqillik qazanıldıqdan sonra əldə olunan nailiyyətlər sayəsində bütün dünya azərbaycanlılarının milli hüquqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açılmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamına müvafiq olaraq 2001-ci il noyabrın 10-da Bakı şəhərində Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda 36 ölkədən gəlmiş 1105 nümayəndə, 906 qonaq iştirak edirdi. Qurultayda Azərbaycan Respublikası Prezidentinin söylədiyi proqram səciyyəli nitqinin aparıcı xəttini belə bir tezis təşkil edirdi: "Biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməli, onun tərəqqisi üçün əlimizdən gələni əsirgəməməliyik".
Qurultay göstərdi ki, qüdrətli Azərbaycana gedən yol bütün azərbaycanlıların milli birliyindən keçir. Qurultay dünyanın müxtəlif qütblərinə səpələnmiş soydaşlarımızın bir araya gətirilməsi vəzifəsinin həyata keçirilməsi istiqamətində atılmış ilk ciddi və qəti bir addım idi. Qurultay Azərbaycanın Avroatlantika məkanına inteqrasiyasına kömək edəcək diasporumuzun inkişafında həlledici əhəmiyyətə malik qərarlar qəbul etdi.
Türk dünyasının böyük lideri Heydər Əliyev minillik tariximizdə dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən böyük dövlət xadimi oldu. Azərbaycan dövləti Dünya azərbaycanlılarının I qurultayının tarixi qərarlarının əməli surətdə həyata keçirilməsi üçün bir sıra işlər gördü. O cümlədən, 2002-ci il iyulun 5-də Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı.
Dünya azərbaycanlılarının II qurultayı 16 mart 2006-cı il tarixində, III qurultayı 5-6 iyul 2011 -ciil tarixində İlham əliyevin təşəbbüsü ilə keçirilmişdir. Bütün bu tədbirlər azərbaycanlıların təşkilatlanması, bir bayraq altında birləşməsi üçün böyük rola malik olmuşdur.
Həmrəylik gününüz mübarək.