Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!
Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 131-ci ildönümüdür. Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olan Məhəmməd Əmin Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Məhəmməd Əmin Rəsulzadənin atsı din xadimi idi. O, oğlunu məşhur pedaqoq Soltan Məcid Qənizadənin rəhbərlik etdiyi ikinci "Rus-müsəlman" məktəbinə qoymuşdu. Buradakı təhsilini bitirdikdən sonra M. Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. M. Ə.Rəsulzadə 18 yaşında 1902-ci ildə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. İranda bir sıra qəzetlərdə M.Ə.Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadən
in ölkədən çıxarılmasını İran hökumətindən tələb edir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir.O, burada Əlibəy Hüseynzadə və Əhmədbəy Ağayevlə görüşmüşdü. M.Ə.Rəsulzadə 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu" jurnalının fəal yazarlarından biri olmuşdur. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yayılır. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını bütün bəşəriyyətə çatdırır və milli dövlətini qurduğunu bəyan edirdi.