Gənclər günü
- tarixmuellimi
- 1 Şub 2015
- 2 dakikada okunur
2 fevral — Azərbaycan gəncləri günü kimi 1997-cı ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir. Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. O, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüldü. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Heydər Əliyev şəxsən iştirak edib. Heydər Əliyev deyirdi: "Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz .Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik." 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət Gənclər Siyasəti haqqında" fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilir. Fərmana müvafiq olaraq ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb.
Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşır. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il "Gənclər ili" elan edilmişdir. Dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını bildirib: "... Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır". 3 oktyabr 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gənclərinin V forumunda iştirak edib. İlham Əliyev dövlətin gənclərlə bağlı siyasətinin gələcəyə ünvanlandığını və gənclərin elmdə, təhsildə, mədəniyyətdə və idmanda əldə etdiyi göstəricilərin respublikamızın qüruru olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyev 1997-ci ildən həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi gənclər siyasətinə xüsusi diqqətlə yanaşır. Onun rəhbərliyi ilə Azərbaycanın gənc idmançıları bir sıra Olimpiya oyunlarında yüksək nəticələr göstərib. Bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışırlar.
Comentarios