top of page

HEYDƏR ƏLİYEV - 92

tarixmuellimi

SƏN ELƏ BİR ZİRVƏSƏN


əliyev.jpg

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Lakin müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində , 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işləmişdir. 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində çalışmışdır. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1969-cu il iyul ayında Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.

Hələ sovet dövründə Heydər Əliyev milli inkişafımız baxımından böyük nailiyyətlərə imza atmışdır. Odur ki, həmin dövr Azərbaycan xalqının və dövlətinin dönüş tarixi kimi qiymətləndirilir. Qısa zaman içərisində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı, böyük sənaye müəssisələri tikilib istifadəyə verildi. Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerə çıxdı. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə də inkişafa gətirib çıxardı. Heydər Əliyev xalqın, dövlətin və cəmiyyətin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün çalışmışdır.

Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyəti, misilsiz xidmətləri müstəqillik illərində daha çoxdur. Müstəqilliyimizin ilk illərində ölkəmizdə baş verənlər, xaos, qarışıqlıq, dövlətçilik əleyhinə yönələn hadisələr müstəqilliyimizin taleyini sual altına qoymuşdu. O zaman, Naxçıvanda yaşayan və muxtar respublikanın ali məclisinə rəhbərlik edən Heydər Əliyev xalqın tələbinə, ölkənin taleyinə laqeyd qala bilmədi və Bakıya gəldi. Heydər Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın həyatını dəyişdi. Onun siyasi təcrübəsi, nüfuzu, uzaqgörən siyasəti ilə ölkə qarşısında duran çox çətin problemlərin həllinə nail olundu. Qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olundu, yeni demokratik Konstitusiya qəbul edildi, hüquqi-demokratik dövlət quruculuğu, iqtisadi islahatların aparılması və cəmiyyətin demokratikləşməsi istiqamətində mühüm addımlar atıldı. Dövlətçilik tariximizin ən parlaq səhifəsi məhz Heydər Əliyev tərəfindən yazıldı və müstəqil, əbədi, dönməz , sarsılmaz Azərbaycan dövlətinin qurulması ilə nəticələndi.


25 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör
  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page