Yerində verilmiş qərar
1918-ci ilin 28 mayında Azərbaycanın dövlətçilik ənənələri yenidən dirçəldi. Şərqdə ilk demokratik cümhuriyyət quruldu. Ömrü 23 ay olsa da cümhuriyyətin qurucuları bu dövləti böyük ümidlərlə qurmuş, gələcəyinə böyük ümidlərlə inanmışlar. Müstəqil Azərbaycan dövlətinin qurucuları inanırdılar ki, gənc dövlətin möhkəmlənməsi üçün ixtisaslı kadrlara böyük ehtiyac olacaq. Ona görə də cümhuriyyət fəaliyyəti dövründə elm və təhsilə, milli kadrlar hazırlanmasına böyük diqqət yetirirdi. Azərbaycan Parlamentinin 1919-cu ilin sentyabrın 1-də keçirilən iclasında Bakı Dövlət Universitetinin yaranması və hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul edilməsi belə diqqətin nəticəsi idi. Bu işə nəzarət etmək üçün M.Ə. Rəsulzadə rəhbərliyi ilə beş nəfərlik dövlət komissiyası yaradıldı. Qısa vaxtda komissiya 45 nəfərin Fransada, 23 nəfərin İtaliyada,10 nəfərin İngiltərədə, 9 nəfərin Osmanlıda, 13 nəfərin isə Rusiyada təhsil almağa göndərilmələri üçün qərar qəbul etdi. Bu iş üçün dövlət xəzinəsindən xalq maarifi nazirliyinin sərəncamına 7 milyon manat vəsait ayrılmışdı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılmalı idi.
Xeyriyyəçi köməyi
Söhbət xaricə oxumağa göndərilən gənclərdən düşəndə H. Z. Tağıyevin misilsiz xidmətlərini də xatırlamaq lazımdır. Xaricə göndərilən tələbələrin maddi təminatını böyük messenant, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdü. Lakin var dövlətini, pulunu boş yerə xərcləməyi sevməyən hacı bu məsələdə də böyük uzaqgörənlik etmişdir. Xaricə oxumağa göndərilən gənclərə maddi kömək göstərəcəyini qərara alan Tağıyev onların qarşısında öz şərtlərini irəli sürmüşdür. İrəli sürülən şərtlər arasında hər tələbəyə təhsil müddəti ərzində ayda 50 manat xərclik verilməsi, yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödənilməsi, tələbələrin ali təhsilini bitirdikdən sonra mütləq vətəninə dönərək öz ölkəsinə xidmət etməsi, tələbələrə qeyri-türklə və ya qeyri - müsəlmanla evlənməyəcəkləri, həmçinin ali təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları birdəfəlik və ya hissə-hissə Xeyriyyə Cəmiyyətinə ödənilməsi kimi mələlər var idi.
Sonradan gənclərin başqa millətlərlə evlənməmək şərti qəbul olunmur. Bəlkə elə buna görədir ki, bu gənclərin bəziləri (Mustafa Mustafayev Fransada, Hilal Münşüzadə Berlində) qeyri müsəlmanla ailə qurub, geri dönməyib.
Yolçu yolunda gərək
Xalq Maarifi Nazirliyi tərəfındən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verilmişdi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar bu mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin ümidləri olan bu gənclər 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, xeyriyyəçilərin,din xadimlərinin və valideynlərin iştirakı ilə təntənəli surətdə yola salınırlar. Tələbələr dəmir yolu ilə əvvəlcə Batuma gəlmiş, daha sonra isə ordan Parisə yola düşürlər, fevralın 11-də Parisə çatırlar. Həmin vaxt Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşov da Parisdə idi. Onun rəhbərlik etdiyi nümayəndə heyəti tələbələri böyük sevgi və diqqətlə qarşılayırlar. Əlimərdan bəy tələbələr qarşısında çıxış etmiş, onları təbrik etmiş, bundan sonra gənclər Avropanın müxtəlif ölkələrinə yola düşdülər.
Lakin cümhuriyyət qurucuları da, böyük ümidlər bəslənən gənclər də çıxdıqları yolun sonunda onları gözləyən taledən xəbərsiz idilər. Bilmirdilər ki, bu yolun sonunda ölüm, ayrılıq, intihar, uzaq Sibir sürgünü, hətda “vətən xaini” damğaları olacaq. Bəlkə də ilk müstəqil dövlətimiz 23 ay yox, daha çox yaşasa idi bu gənclər yüksək ixtisaslı kadr kimi vətənə dönəcək və gənc dövlətin ümidlərini gerçəkləşdirəcəkdilər. Amma...
Ümidlər gerçəkləşdimi?
Amma 1920-ci ilin aprelində Azərbaycanda baş verən bolşevik işğalı bir çox sahələrdə olduğu kimi bu sahədə də işlərin üstündən xətt çəkdi. Böyük ümidlər xırda-xırda, paramparça oldu. Bolşeviklər tələbələrə pul göndərmədi. Nəriman Nərimanovun səyləri ilə həmin tələbələrin maddi vəsaitlə təmin olunması məsələsi bir müddət öz həllini tapdı. Amma bu qısa müddət ərzində keçərli oldu. Bu məqamda maraqlı bir fakt var: Bu 100 nəfərdən biri olan Paris Universitetində hüquq təhsili alan Əlimərdan bəy Topçubaşovun oğlu Rəşid Topçubaşov Sovet hökümətinin təqaüdündən imtina etmişdir. Bu tələbələrin bir çoxu nəinki təhsil haqqını ödəyə bilməmiş, hətta yaşamaq üçün mübarizə aparmalı olmuşdur. Onlar yad ölkələrdə ən ağır sahələrdə işləmək məcburiyyətində qalmışdırlar. Həbsxanaya düşənlər də olmuşdur, çarəsiz qalıb intihar edənlər də . Bəlkə elə bu səbəbdəndir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövrü tarixini öyrənən tədqiqatçılarımız xaricə oxumağa göndərilən gənclərin böyük əksəriyyətinin sonrakı taleyi haqqında heç bir məlumat əldə edə bilməmişlər. Çətinliklərlə təhsilini başa vurub yüksək ixtisaslı mütəxəssis kimi Vətənə dönən tələbələrin bəziləri isə Sibirə sürgün edilmiş, bəziləri bolşevik terrorunun qurbanı olmuşlar. Xələfbəyov Məmməd Xələf bəy oğlu, Rzazadə İsgəndərxan Cabbar oğlu, Vəkilov Mustafa Məmmədağa oğlu, Nərimanbəyov Yaqub Fərman Əmir oğlu sürgün olunan azərbaycanlılar sırasında idilər. Bəziləri Mirzə bəy Göygöl, Mustafayev Mustafa Rəhim oğlu kimi gənclər isə vətənə geri dönə bilməmişlər. Lakin bununla yanaşı vətənə geri dönənlər və işlərinə çətinliklə də olsa davam edənlər oldu. Məsələn İtaliyaya göndərilən Rəcəbli Əhməd Cabbar oğlu 1923-cü ildə İtaliyada Peruca şəhərindəki Ali Kral Eksperimental Aqrar İnstitutunu genetika-seleksiya ixtisası üzrə bitirmişdir. O, qırxdan artıq elmi əsərin, "Azərbaycanın meyvə bitkiləri" monoqrafiyasının müəllifidir. 1935-ci ildə professor elmi adı verilən Əhməd Rəcəbli 1937-ci ildə repressiyaya məruz qalaraq, Rusiyanın Maqadan vilayətinə sürgün edilsə də 1955-ci ildə bəraət almışdır.1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının akademiki və Rəyasət Heyətinin üzvü seçilmişdir. Salahov Yusif Hüseyn oğlu Münhen Universitetinə göndərilmişdir. Təhsilini bitirdikdən sonra Azərbaycana geri qayıtmış, həkimlik etmiş, diaqnostika sahəsində tanınmışdır. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır. Əslən Oğuzdan olan həmyerlimiz Tahirzadə Abdulla Mahmud oğlu Parlamentin qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. İstanbulda Ali İqtisad Məktəbində və İstanbul Universitetinin riyaziyyat fakültəsində oxumuşdur. 1923-cü ildə Vətənə dönmüş, Azərbaycan orta ixtisas və ali məktəblərində müəllim işləmişdir. 1949-cu ildə repressiyaya məruz qalmışdır. 1955-ci ildə bəraət almış və həmin ildən indiki Neft Akademiyasında dərs demişdir.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin böyük ümidlərlə oxumağa göndərdiyi gənclərin bir çoxlarının taleyi müəmmalı oldu. Sonları bilinmədi. Amma nəticə nə olur olsun müstəqil dövlətin işıqlı gələcəyi üçün atılmış bu addım ,100 nəfər gəncin xaricə oxumağa göndərilməsi cumhuriyyətin 23 aylıq qısa ömründə atılmış ən tədqirəlayiq qərarlardan biri olmuşdur. Onlar 100 ümid idilər. . Göründüyü kimi bu 100 ümidin içərisində qaranlıqlara qərq olanlarla yanaşı o qaranlıqlardan süzülüb işığa doğru addımlayanlar da oldu.