top of page

DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ

Mətanət Kərimova

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və qürurla qeyd edirlər.

24 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör
  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page