Neçə illərdir ki 20 yanvar səhəri Azərbaycan üçün sakit, hüzünlü həm də məğrurcasına açılır. Azərbaycan tarixinin o qanlı və şanlı səhifəsindən 26 il ötür.
1980-ci illərin sonlarında xalqımız böyük bir mücadiləyə qədəm qoydu. Azadlıq mübarizəsinə. Sovet imperiyası isə bu azadlıq mücadiləsinə qarşı idi və Azərbaycanda vüsət alan milli - azadlıq hərəkatını elə ilk mərhələdəcə boğmağa çalışırdı. Yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun birləşmələri respublikamızın paytaxtı Bakı şəhərinə yeridildi. Günahsız insanlar amansızlıqla qətlə yetirildi, şikəst edildi.
SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı. Televiziya verilişləri dayandırıldı. Bu isə məqsədli idi. Yəni heç kim, heç nədən xəbər tutmasın. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat əhaliyə yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu. Fövqəladə vəziyyət haqqında M.Qorbaçovun fərmanı xalqa çatdırılanadək artıq ölənlərin sayı 100 nəfərə çatmışdı. O vaxtkı sovet rəhbərliyi Bakıya qoşun yeridilməsinə belə haqq qazandırırdı ki, guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu riyakarlıq idi. Böyük imperiyanı Azərbaycanda başlayan xalq hərəkatı qorxudurdu.
1990-cı ilin o qanlı yanvar gecəsi xatirələrdə qan qoxulu qalmışdı. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tutur. Hər tərəf qan, insanlar dəhşət içində. Xəstəxanaların meyitxanaları tanınmaz hala salınmış meyitlərlə dolu idi. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 744 adam yaralandı, 840-dan çox adam qanunsuz həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. O gecə şəhid olanlar Azərbaycanın müxtəlif guşələrindən idilər. Onlardan biri də oğuzlu İzzət Həmidov idi. Məhz miqyasına, amansızlığına görə 20 Yanvar faciəsi Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət kimi tarixə yazılmışdır.
Azərbaycanın informasiya blokadasına alındığı bir vəziyyətdə ölkədə baş verənləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq o dövürdə əsas məsələ idi və bu böyük risq tələb edirdi. Faciənin ertəsi günü kəskin etiraz olaraq ümummilli liderimiz Heydər Əliyev ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Burada o mətbuat konfransı keçirərək hadisəyə ilk olaraq operativ və düzgün qiymət verdi. Heydər Əliyev mətbuat konfransında kommunist rejiminin gerçək simasını açdı. Bu isə böyük cəsarət tələb edən bir iş idi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə yenidən gəlişindən sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə bu məsələ ilə bağlı keçirilmiş müşavirədə amansız faciəni törədənlərin və onlara rəhbərlik edənlərin cinayətkar əməlləri ifşa edildi. Milli Məclisdə 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Faciə ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmasına başlanıldı.
1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Comments