31 Yanvar Azərbaycan İstiqlal mübarizəsinin parlaq siması Məmməd Əmin Rəsulzadənin doğum günüdür.
O müstəqillik ideyamızın gerçəkləşdirilməsində, tarixi dövlətçilik ənənələrimizindirçəldilməsində, böyük xidmətlər göstərmiş siyasi xadim, publisist bir sözlə əsl vətənpərvər idi. Tarixi şəxsiyyətlərə əsl qiyməti tarix verir. Məhz buna görədir ki, uzun müddət keçməsinə baxmayaraq unudulmur. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “rusmüsəlman” məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. 1902-ci ildə 17 yaşı olarkən M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1904-cü ildə Məhəmməd Əmin Rəsulzadənin iştirakı ilə “Hümmət” təşkilatı" yaradılmışdır. 1908-ci ilin axırında M.Ə. Rəsulzadə çar üsul-idarəsi tərəfindən həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. M.Ə.Rəsulzadə Təbrizdə xalqımızın milli qəhrəmanı Səttarxanla və onun silahdaşları ilə görüşür. Cənubi Azərbaycanda müşahidələr aparır. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığına təsir göstərir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. 1917-ci ildə fevral burjua inqilabı baş verdi.Bundan sonra siyasi vəziyyət dəyişir. 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının qurultayı çağırıldı. Qurultayda M.Ə.Rəsulzadə Rusiyanı federativ şəkildə təşkil etmək haqqında təklif irəli sürdü. Bu qurultayda "Azərbaycan qayəsi" məsələsi yenidən müzakirə olundu. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. M.Əmin Rəsulzadə 1955-ci ilin 6 mart tarixində vəfat etmişdir.Qəbri Ankaradadır.
Comentarios