Ayaq saxla bu məkanda
Elə bil ki tarix dinir,
Ötüb keçən hər məqamda.
Ayaq saxla, keçmişə bax.
Əzab, zülm yuvasına dönmüşə bax.
Ayaq saxla, düşün bir az.
Başa gələn bu dəhşəti,
Qiyaməti, bu vəhşəti
Soyuq, adi bir baxışla duymaq olmaz.
Ayaq saxla diqqətlə bax.
Bu bir kitab
Hər səhifəsi qana məskən.
Göynək verən yaraları,
Bitməz olan ağrıları
Unutma sən! Unutma sən!
Quba şəhərində yerləşən kütləvi məzarlıqda olarkən mənə elə gəlirdi ki, az öncə səsləndirdiyim misralari kimsə qulağıma pıçıldayır və bu pıçıltı onsuz da ağır olan bu səyahətin müdhişliyini bir az da artırır.
2014-cü ilin yay aylarında “Ölkəmizi tanıyaq” layihəsi ilə Azərbaycanın Şimal bölgələrinə səyahət etdik. Quba şəhərində olduq. İlk getdiyimiz yerlərdən biri Quba şəhərindəki kütləvi məzarlıq idi. Doğrusu, səyahət öncəsi hamı həyəcanlı idi. Mən də ilk dəfə idi ki, belə qarışıq hislər yaşayırdım. Həm tariximizin bir parçası ilə tanış olmaq, həm də bu tarixin qanlı-qadalı izlərinin şahidinə çevrilmək ağır, ağır olduqca da maraqlı idi.
Nəhayət, gözlədiyimiz an gəlib çatdı. Haqqında çox eşitdiyim kütləvi məzarlıqdayıq. Qəribə bir sükut vardı burda. Sanki zaman dayanmışdı bu yerdə. Xəfif-xəfif əsən meh də elə bil bir başqa idi. Sanki o da bu müdhiş məkanın ağrılı-acılı tarixini danışır, olub-keçənlərdən dərdli-dərdli söz açırdı.
Məzarlığa daxıl olarkən gözlərim önündə açılan mənzərəni sözlə ifadə etmək, o görüntülərin yaratdığı duyğuları cümlələrlə çatdırmaq çox çətindir. Üst-üstə qalaqlanmış insan cəsədləri bu faciənin əsl mənzərəsini açırdı. Nə bu barədə oxuduğumuz məlumatlar, nə də televiziya ekranlarından izlədiyimiz süjetlər bu qədər təsirli, bu qədər canlı deyildi, təbii ki. Ani olaraq butun varlığıma bir sual hakim kəsildi:bütün bunlar bir insan əli ilə necə törədilə bilərdi? Bu qədər qəddarlıq insan xislətində necə cəmlənə bilər?
Məni bu ağır düşüncələrdən kütləvi məzarlıq haqqında bizə məlumat verən bələdçinin səsi ayırdı. Beləcə Qubadakı kütləvi məzarlığı, tariximizin qanla yazılmış növbəti bir səhifəsini daha yaxından tanımış oldum.
Məzarlıq 2007-cı ildə Quba rayonu ərazisində stadion tikintisi zamanı aşkarlanıb. 1918-ci ildə ermənilərin Azərbaycanın bir çox bölgələrində, o cümlədən Qubada törətdikləri kütləvi qırğınların tarixi sübutuna çevrilən bu məkanda elə həmin vaxtdan araşdırma işləri başlanır. Atılan hər bir addım bu faciənin əsl simasını açır, dəhşətinin genişliyini sübuta yetirir.
İlk talanlar,ilk qətillər aprelin 27-də başlandı Qubada. Həmin gün 27 nəfər dinc Quba sakini qətlə yetirildi. Beləcə hər gün, hər saat bu ərazidəki azərbaycan-
lılar, digər azsaylı xalqların nümayəndələri ermənilər tərəfindən vəhşiliklə öldürüldü.
1918-ci ilin may ayının əvvəlində türklərə qarşı törətdiyi vəhşiliklərlə məşhurlaşmış erməni-daşnak zabiti Hamazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət 3 minlik hərbi birləşmələr Quba şəhərinə daxil olur və ağılasığmaz qəddarlıqlar törətməyə başlayır. Onlar qarşılarına çıxan hər kəsi amansızcasına öldürür, beləcə bu günə qədər öz layiqli siyasi qiymətini almayan soyqırım törədirdilər. Bəs səbəb nə idi? Türk, müsəlman qanına susamış Hamazaspa bu əmri kim vermişdi? Aydın idi ki, erməni hərbi birləşmələri Qubaya Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Söveti tərəfindən, özü də məhz cəza missiyası ilə göndərilmişdir. Bir çox mənbələrdən , tarixi sənədlərdən məlum olan bu fakt dəfələrlə hən qubalılar, həm də qarşı tərəfin nümayəndələri tərəfindən təsdiq edilmişdir. Şəhərə daxıl olan ermənilər onu toplardan, pulemyotlardan atəşə tutur. Elə birinci gün şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaq olan 715 nəfər müsəlman öldürülür. İkinci gün isə 1012 nəfər insan qətlə yetirilir. Ümumilikdə Quba qırğınlarındakı qurbanların sayı 12 mindən çox olur. Erməni dəstələrinin hər hansı bir siyasi vəzifəni – yeni hakimiyyət qurulmasını deyil, sırf cəza missiyasını yerinə yetirdikləri şəhər sakinlərində heç bir şübhə doğurmurdu. Erməni birləşmələrinin başçısı Hamazasp özü də əməllərinin cəza xarakteri daşıdığını gizlətmirdi. Qubaya gəlişinin 4-cü günü yerli əhalini Cümə məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən bu məzmunda müraciət edir:” Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam və onun mənafeyinin müdafiəçısıyəm. Mən buraya qayda-qanun yaratmağa yox, Sovet hakimiyyətini qurmağa yox, sizi cəzalandırmağa gəlmişəm”. Bundan sonra da kütləvi qırğınlar davam etdirilir. Qətlə yetirilmiş soydaşlarımızı Qubada aşkarlanmış məlum məzarlığa tökürlər. Erməni millətçiləri bu məzarlıqda olan insan qalıqlarının əslində müsəlmanlar tərəfindən öldürülmüş ermənilərə aid olduğunu iddia edirlər. Lakin mütəxəssislərin fikri belədir ki, həmin dövrdə Qubada cəmi 17 erməni ailəsi yaşayırdı. Məzarlıqda tapılan sümüklərin isə 400 insana aid olduğu təsdiq edilmişdir. Həm də aparılan ekspertizalar , sümüklərin antropoloji tədqiqatı onların müsəlmanlara aid olduğunu təsdiqləyir.
Kütləvi məzarlıq Quba şəhərinin şimalında, Qudyalçayın sahilində aşkarlanıb. İnsan sümükləri ilə dolu olan iki quyu üzərində aparılan tədqiqatlardan aydın olub ki, ermənilər qətliamın üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə onları məhz çayın sahilində basdırıblar.
Erməni mıllətçilərinin azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərin dünya ictimaiyyətinə çatdırılması, soyqırım qurbanlarının xatirələrinin əbədiləşdi-rilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2007-ci il tarixli sərəncamına əsasən Heydər Əliyev fondu tərəfindən kütləvi məzarlıq yaxınlığında Quba Soyqırım Memorial Kompleksi inşa edilib.Həm kompleksin, həm də məzarlığın müşahidəsi zamanı bir fikrin şübhə doğurmadığına təkrar-təkrar əmin olursan: erməni xislətinin qəddarlığı sərhəd tanımır.
Araşdırmalar nəticəsində məlum olub ki, kütləvi məzarlıqda cəsədləri qalaqlanmış insanlar odlu silahlarla deyil, kəsici, deşici alətlərlə, xüsusi amansızlıqla qətlə yetirilmişlər. Qeyri-ixtiyari düşünürsən: günahları nə idi? İnsanın öz vətəninə sahib çıxmaq istəyi, öz yurdunda azad yaşamaq arzusu belə ağır cəzayamı layiqdir?
İllər, əsrlər keçəcək, ancaq Azərbaycan xalqı bu qətliamı, bu müsibəti unutmayacaq. Qubadakı kütləvi məzarlığı ziyarət edən həb bir insan tarixin bu qanlı dönəmini təkrar-təkrar xatırlayacaq.
Kütləvi məzarlıqdan ayrılırıq. Yenə çox qəribə hisslər yaşayıram. Elə səyahətimizin əvvəlində olduğu kimi. Amma tamam fərqli hisslər. Özümü borclu hiss edirəm. Xalqımın bu qanlı tarixini öyrənməyə, unutmamağa, başqalarına çatdırmağa borcluyam. Əslində bu borc hər birimizin qarşısında durur. Bir azərbaycanlı kimi. Bütün bunları unutsaq, bu torpağın üstündə gəzməyə, “mən azərbaycanlıyam” kəlməsini dilimizə gətirməyə haqqımız yoxdur.Çünki Quba kütləvi məzarlığında seyr etdiyimiz mənzərə Vətənimizin, anamız Azərbaycanın qanla yazılmış daha bir səhifəsidir. Nə yazıqlar ki, onlarla belə qanlı səhifələrdən daha biri.
Odur ki, unutmayaq! Unutsaq, tariximiz bizi bağışlamaz!
Ü.Seyidəhmədova
Oğuz şəhət 3№-li məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi