top of page
Ara

BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

tarixmuellimi

Azərbaycan dili türk dili ailəsinin oğuz qrupuna aiddir. Dilimizin tarixi miladdan öncəyə gedib çıxır. Dilimizin formalaşması IV əsrdə hunların və XI əsrdə səlcuqların gəlişi ilə daha da sürətlənmişdir. Səfəvilər dönəmində isə qoşunda, sarayda, diplomatik yazışmalar doğma dilimizdə aparılırdı. Lakin bəhs olunan dövrdə heç bir rəsmi sənəddə dilimiz haqqında qərar öz əksini tapmamışdı. Azərbaycan dilinin dövlət dili kimi rəsmi sənədlərdə ilk dəfə təsbit olunması XX əsrin əvvəllərinə - Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aiddir. Bu barədə Nazirlər Şurası 1918-ci il 27 iyun tarixində xüsusi fərman vermişdir. Həmin fərmana görə iki il ərzində dövlət orqanlarının işi tamamilə ana dilində aparılmalı idi. O zaman parlamentin istifadə etdiyi dil Azərbaycan türkcəsi idi. Rəsmi sənədlərin hamısı ana dilində tərtib edilirdi. Azərbaycan türkcəsində olmayan sənədlərin üstündə parlamentin sədr müavini Həsən bəy Ağayev belə bir məzmunda dərkənar qoyurdu: "Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır". Sovet dönəmində, xüsusilə ilk zamanlarda dilimizin hüquqi statusu ilə bağlı qərar qəbul edilmədi. 1956-cı ildə İmam Mustafayevin dövründə konstitusiyaya xüsusi əlavə qəbul edildi. Lakin 1959-cu ildə bu qərardan imtina edildi. 1978-ci ilin aprelində qəbul edilən yeni Konstitusiyanın 73-cü maddəsində Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması qeyd olundu. Beləliklə də Azərbaycan dili dövlət dili statusu aldı və bu, respublikada xalqın milli ruhunun oyanışında mühüm əhəmiyyət kəsb etdi. Məzh bu mühüm tarixi qərar verilərkən respublikanın rəhbəri Heydər Əliyev idi. Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra 1995-ci il noyabr ayının 12-də qəbul edilmiş konstitusiyada Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəası təsbit edildi. Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına tarixin bütün dövrlərində xüsusi diqqət yetirirdi. 2001-ci il iyunun 18-də ümummilli lider "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Bu tarixi sənəd dilimizin inkişafında mühüm rol oynadı. Həmin fərmanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması da nəzərdə tutulurdu. 2001-ci il avqustun 9-da isə ulu öndər yeni fərman - "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" mühüm bir sənəd imzaladı. Fərmanda deyilirdi: "Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin". Həmin fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən latın qrafikalı Azərbaycan əlifbasına keçid reallaşdı. Məhz bundan sonra respublikada bütün yazılı sənədləşmələr latın qrafikası ilə aparılmağa başladı. 2003-cü ilin yanvar ayının 2-də isə Heydər Əliyevin fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizə yüksək hörmətin təcəssümü kimi Azərbaycan dilinin inkişafına, onun saflığının, təmizliyinin qorunmasına yönəlmiş sistemli tədbirlər həyata keçirir. Ölkə prezidenti İlham Əliyev də dövlət dilimizi hər zaman diqqət mərkəzində saxlamışdır. Prezidentin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev 2012-ci il 23 may tarixdə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması barədə sərəncam imzalamışdır. Sənəddə Azərbaycan dilinin xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri olduğu xüsusi vurğulanır: "Hər bir azərbaycanlı tarixin ayrı-ayrı dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət göstərməsindən böyük qürur hissi keçirir. Ölkəmizin zaman-zaman müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mədəni dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur".

58 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör
  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page