top of page

XOCALI FACİƏSİ

tarixmuellimi

Azərbaycan xalqının tarixinə, taleyinə acı bir gün kimi yazılan Xocalı faciəsindən bizi 25 illik zaman fasiləsi ayırır. Deyirlər zaman hər şeyi unutdurur. Lakin 25 illik zaman yolu bu faciəni xalqımıza unutdura bilməmişdir. Axı, kim bu faktları unuda bilər: 613 nəfər, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Qətlə yetirilənlərdən 56 nəfəri xüsusi qəddarlıqla öldürülmüş, onların başları kəsilmiş, gözləri çıxarılmış, diri-diri yandırılmış, hamilə qadınların doğulmamış uşaqları qarınlarından çıxarılmışdır. 26 fevral 1992-ci il. Soyuq, şaxtalı, sərt qış gecəsi. O gecə Xocalıda dəhşət yaşandı . Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Qədim Xocalı yerlə yeksan edildi, evlərə od vuruldu, torpaq sankı qanla suvarıldı o gecə. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Lakin bu sadəcə torpaq işğalı deyildi. O gecə bu qədim torpağımızda xalqımız böyük bir soyqırıma məruz qalmışdı. Düşmən nə qocaya, xəstəyə, qadına rəhm etdi. Nə də uşaqlara. Ən dəhşitlisi o idi ki, uşaqlar valideynlərinin gözləri qarşısında, valideynlər uşaqların gözü önünüdə xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Düşməndən qaçıb qurtarmağa çalışan neçə-neçə insan meşədə, düzlərdə soyuqdan donmuşlar.

O gecə vicdanın susdu səsi də,

Insanlıq adına ləkə vuruldu.

Dünyanın ən böyük müsibəti də,

O gecə yaşandı, matəm quruldu.

O müdhiş fevral gecəsi baş verənləri, yaşanan müsibətləri indi biz tarix kitablarının səhifələrindən, ekranlardan izləyirik. Söylənənlər damarlarımızda qanımızı dondurur. Faciə bizi bir də ona görə göynədir ki, faktlar göstərir ki, o zaman ən böyük zərbəni uşaqlar almışlar. Xocalı soyqırımında uşaqlar güllələnmiş, çöllərdə soyuqdan donmuş, gözlərinin qarşısında ana ataları, bacı qardaşları qətlə yetirilmiş, uşaqlar girov düşmüşlər. İndi fikirləşirsən ki, Xocalı faciəsində qətlə yetirilmiş o 63 uşaq müstəqil respublikamızın sabahı üçün layiqli vətəndaş ola bilərdilər. Lakin azğın düşmənin gülləsinə tuş gəldilər. Xocalı faciəsi xalqımızın qan yaddaşıdır. Nə qədər ki, erməni siyasəti, vandalizmi, xalqımıza qarşı siyasəti davam edir baş vermiş faciə unudulmayacaq. Azərbaycan xalqı və dövlətimiz Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. 25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir. Bakı şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası başlanmışdır. Artıq dünyanın bir çox dövlətləri 1992-ci ilin fevralında Xocalıda soyqırım törədilməsini tanımışlar. Biz inanırıq. İnanırıq ki, ən yaxın zamanda xalqımızın mərd oğulları Azərbaycan bayrağını Xocalıda dalğalandıracaqlar. O günə az qalıb. Ordumuzun 2016-cı ilin aprelində cəbhədəki uğurlu hərbi əməliyyatları nəinki düşmənə bütün dünyaya göstərdi ki, Azərbaycan hər an öz torpaqlarını azad etmək bacarığındadır. 2016-cı il aprelin əvvəllərində dördgün davam edən bu döyüşlər zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Bu böyük qələbə idi. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb. Aprel döyüşləri hamıda bu inamı yaratdı ki, biz tezliklə işğal altındakı o torpaqlarımızı azad edəcəyik və o torpaqlara qayıdacağıq. Bax onda həm qədim yurd yerlərimizdə uyuyan babalarımızın, həm də torpaq uğurunda şəhid olan oğullarımızın ruhu sakitlik tapacaq.

Uyuyan kəsləri yuxudan ayılt,

Qəlbimdə alışan həsrəti soyut,

Qayıt, sən yenidən özünə qayıt,

Bu sevinc qoy olsun bəsim, Xocalı!

117 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör
  • s-facebook
  • Twitter Metallic
  • s-linkedin
bottom of page