AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ-99
Müasir və müstəqil Azərbaycanın dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri var. Məhz onun müstəqil dövlət kimi formalaşması istiqamətində atdığı addımlar əsrin sonlarına yaxın bir daha müstəqillik qazanılması və onun qorunub saxlanılması yolunda bir məktəb oldu.
Əsrlər boyu Azərbaycanda müstəqil dövlətin qurulmasına yönəlmiş cəhdlərin reallaşması yalnız XX əsrdə mümkün oldu. Həm də bir əsrdə iki dəfə. Azərbaycanın müstəqillik tarixindən söz düşəndə Azərbaycan Xalq Cümhuriyyəti haqqında böyük qürurla danışırıq. Haqqımız var. Çünki müsəlman şərqində ilk müstəqil dövlət məhz ötən əsrin ikincin onilliyinin sonlarına yaxın Azərbaycanda yaranmışdır. Azərbaycan Xalq Cümhuriyyəti kifayət qədər çətin və mürəkkəb tarixi mərhələdə meydana gəlmişdir.
1917-ci ildə Zaqafqaziya respublikalarından Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşaraq Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratmaq barədə qərar qəbul etmişlər. Zaqafqaziya Seymində və hökumətində təmsil olunan deputatların ümumi platformaya malik olmaması parçalanma prosesini qaçılmaz edirdi. Belə ki, 1918-ci il may ayının 25-də Zaqafqaziya Seymi mövcudluğuna son qoydu. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26-da öz istiqlaliyyətini elan etdi.
Zaqafqaziya Seymi dağıldıqdan sonra, mayın 27-də Seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplandı. Fraksiya Azərbaycanın idarə olunması səlahiyyətini üzərinə götürmək qərarına gələrək özünü Azərbaycanın Milli Şurası elan etdi. M.Ə.Rəsulzadə bu Şuranın sədri seçildi.
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən İstiqlal Bəyannaməsi qəbul edildi. 1918-ci il mayın 30-da radioteleqrafla dünyanın əsas siyasi mərkəzlərinə Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə məlumat verildi.
4 iyunda Azərbaycan və Osmanlı İmperiyası arasında Sülh və Dostluq müqaviləsini imzalandı və türk ordusu Gəncəyə daxil oldu. 1918-ci il iyun ayının 16-da Milli Şuranın üzvləri və Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçdü.
1918-ci il iyulun sonlarında Bakı kommunası süqut etdi. Bundan sonra Bakı şəhərini eser-menşevik və daşnak nümayəndələrindən ibarət "Sentrokaspi diktaturası" ələ keçirmiş oldu. Şəhəri onlardan təmizləmək həmin dövrdə Azərbaycan hökuməti qarşısında duran ən vacib məsələlərdən biri idi. Bir neçə ay davam edən döyüşlər nəticəsində Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi altında 1918-ci il sentyabrın 15-də Bakını düşmən ünsürlərdən təmizləməyə nail oldu. Sentyabrın 17-də isə F.X. Xoyskinin başçılıq etdiyi hökumət Gəncədən Bakıya köçdü və Bakı şəhəri paytaxt elan olundu. Lakin bununla sabitlik əldə olunmadı. Çünki erməni təxribatları davam edirdi.
Çox gərgin bir dövürdə elan olunmasına və fəaliyyətini davam etdirməyə nail olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə tarixi əhəmiyyətə malik işlər görə bildi. Heç də təsadüfi deyil ki, Stalinin “bu bir ilyarımlıq hakimiyyətimiz ərzində xalqa nə verə bildiniz?” sualına cavab verərək M.Ə.Rəsulzadə demişdi: “Çox şey verə bilmədik… Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq”.
Qısa vaxtda Azərbaycanın istiqlaliyyəti Avropa ölkələri tərəfindən tanındı. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, vətəndaşların bərabər hüquq və azadlıqları təmin edildi. Bir çox Avropa dövlətlərində qadınların seçmək və seçilmək hüquqlarının olmadığı bir dövrdə Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə qadınlara bu hüququ verdi. 1918-ci ilin 26 iyununda Müsəlman korpusunun Azərbaycan korpusuna çevrilməsi haqqında Azərbaycan hökuməti qərar qəbul etdi və Azərbaycan Milli Ordusu yaradıldı, 1918-ci il iyun 27- də Azərbaycan dilinin Azərbaycan Cümhuriyyətinin Dövlət Dili elan edildi, 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında qanunun qəbul olundu.
Milli kadr çatışmazlığı problemini həll etmək üçün məktəblər və kurslar açıldı. Azərbaycan torpaqlarının ərazi bütövlüyünü qoruyub saxlamaq sahəsində Azərbaycan hökuməti əzmlə mübarizə aparırdı. O dövrdə ölkənin iqtisadiyyatı demək olar ki, tamamilə dağılmışdı və bərpası üçün xeyli işlər görüldü. 1918-ci ilin martında dağıdılmış neft sənayesi və Bakı – Batum neft kəməri bərpa edildi. Azərbaycan Dövlət Bankı yaradıldı. Həmçinin Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazağa köçürüldü. Ölkədə müəllim çatışmazlığını aradan qaldırmaq üçün qardaş Türkiyədən 50 müəllim dəvət edildi, həmçinin yeni yaradılan kitabxanalar üçün xeyli sayda kitablar alındı. 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universiteti təsis edildi. Noyabrın 15-də Universitetdə dərslər başlandı. Həmçinin Bakıda Politexnik və Gəncədə Kənd Təsərrüfatı İnstitutlarının təşkili üzrə layihələr hazırlandı.
Parlamentin qəbul etdiyi xüsusi qərara əsasən, 1919-1920-ci dərs ilində 100 nəfər gənc dövlət hesabına təhsil almaq üçün İngiltərə, Fransa, İtaliya, Türkiyə və Rusiyanın ali məktəblərinə göndərildi. Bütün bu görülən işlər Azərbaycanın sabahına hesablanırdı. Lakin çox təəssüf ki, yaşadığı 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti həm də böyük siyasi mübarizələrdən keçmişdir. 1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda vəziyyət daha da gərgin idi. Bolşeviklərin müdaxiləsi, Bir tərəfdən sovet müdaxiləsi, ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, cəmiyyətdəki baxışların, mövqelərin barışmazlığı, iqtisadi və maliyyə böhranının siyasi böhranla üst-üstə düşməsi Azərbaycan Xalq Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi. Parlamentdə və hökumətdə də parçalanma baş verdi. 1920-ci ilin yanvarında Antanta ölkələri tərəfındən Azərbaycanın istiqlaliyyətinin tanınması baş verəcək təhlükəni sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə müdaxiləsi genişləndi. Sovet Rusiyası Azərbaycanın müstəqilliyini tanımır və onun Rusiyadan ayrılması kimi siyasi bir aktla razılaşmaq istəmirdi. Bütün bunlar vəziyyəti son həddə çatdırırdı. Beləliklə 1920-ci il aprel 27-də XI Qızıl Ordu Azərbaycan Xalq Cumhuriyyəti ərazisinə daxil oldu, aprelin 28-də isə Azərbaycan Cümhuriyyəti Parlamenti tərəfindən Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti ona təhvil verməsi haqqında ultimatumu qəbul edildi və beləliklə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.